Dövlət İmtahan Mərkəzi imtahana gəlməyən namizədlərə xəbərdarlıq edib


Digərləri 13 Apr 2018 11:02:00 218 0

Dövlət İmtahan Mərkəzi imtahana gəlməyən namizədlərə xəbərdarlıq edib

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Bakı. İlhamə İsabalayeva - Aprelin 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci il 7 və 8 fevral tarixlərində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib. DİM-dən Trend-ə verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə regional bölməsi də daxil olmaqla 10 müxtəlif yerdə təşkil edilib. Gün ərzində keçirilməsi nəzərdə tutulan 91 müsahibədən 26-sı baş tutub, 65 müsahibə isə namizədlərin gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 14-ü iddia etdiyi vəzifəyə uyğun hesab edilib. Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.