Azərbaycanlı ekstrasens: "Hər adamın ruhu öz evini kənardan müşahidə edir" FOTO


Digərləri 13 Apr 2018 10:55:00 271 0

Azərbaycanlı ekstrasens: "Hər adamın ruhu öz evini kənardan müşahidə edir"  FOTO

"Ruh özünü güzgüdə görüb, öldüyünü anlaya bilər və fəlakət baş verər, xaos yaranar..."

Son.az oxu.az-a istinadən tanınmış ekstrasens Aqil Məhərrəmovla müsahibəni təqdim edir:

- Aqil bəy, sizi tapmaq müşkül məsələdir. Həftəsonları da daxil olmaqla, deyəsən, hər gün çalışırsınız...

- Bəli, təəssüflər olsun ki, çalışıram (gülür).

- İstirahətə vaxt ayırmırsınız?

- Valideynlərim və özüm birinci gün doğulduğumuz üçün bazar ertəsi olanda görmürəm, həmin vaxtı "portal" mənim üçün bağlı olur. Həftəsonu işləyirəm ki, birinci gün işləməyim.

- Doğum günü ilə nə əlaqəsi var ki?

- Çünki gücün mənbəyi insanın özündə olur, qalan günlər isə güc xaricdən hasil olur.

- Həm Rusiyada, həm də burada çalışmaq çətin deyil?

- Bir az çətindir. Çətinliyi isə mentalitetin, dünyagörüşünün, mühitin dəyişməsi yaradır.

- Ruslarla çalışmaq çətindir, ya azərbaycanlılarla?

- Hər ikisi ilə işləmək çətindir. İşinə məsuliyyətlə yanaşırsansa, çalışmalısan ki, qarşındakını inandırasan, ən azından şoka salasan.

- Ən çox kimləri şoka salırsınız?

- Yanıma özündənrazı halda gələnləri şoka salıram. Xoşlayıram ki, çıxanda mənim yanımdan başqa təəssüratla çıxsınlar.

- Eşitdiyimə görə, buradakı fəaliyyətinizə son qoymaq istəyirsiniz?

- Bəli, çünki qanunsuz çalışmaq istəmirəm. Dinimiz İslam olduğuna görə, işim qanunsuz sayılır. Bir də ekstrasenslərimiz elə şərait yaradıblar ki, insanların bizə qarşı münasibəti dəyişib.

Sən Nastradamus da olub gəlsən, sənə "şarlatan", "yalançı", "fırıldaqçı" deyəcəklər. Ona görə işləmək istəmirəm.

Doğum gününüzdə ölə bilərsiniz...

- Bu yaxınlarda avtomobil qəzası keçirmisiniz, bəs bunu niyə öncədən görməmişdiniz?

- Həmin günü çox stressli idim. Ona avtomobil qəzası deməyək, maşına yüngül bir toxunma deyək...

- Bir neçə yaxınımın ölümünə fikir vermişəm, onların vəfatı doğum günlərinə yaxın olur. Bunu nə ilə izah edərdiniz?

- İnsanın doğum günü ilə ölüm tarixi, demək olar ki, eyni vaxtda olur. Çünki "portal" insan doğulanda açılır və hər doğum günündə də açıq olur. Hər an təhlükə var ki, siz doğum gününüzdə öləsiniz. "Portal" - yaşadığımız həyatla digər həyatın arasındakı qapıdır.

- Necə?

- Ölülərin yaşadığı həyatla bizim dünya arasında olan qapı doğum günümüzdə açılır.  Ona görə deyirlər ki, doğum günündə nə arzu edirsinizsə, yerinə yetə bilər. Doğum günündə insanın başına istənilən fəlakət və xoş hadisə gələ bilər.

- Doğum günlərində çox adamın depressiv olmasının səbəbi budur?

- Haradasa təsiri var. Ancaq bu, yaşadığımız mühitlə bağlıdır. Həm də ildən-ilə sevdiklərimizi doğum günümüzdə yanımızda görmürük deyə, bütün bunlar baş verir. İnsanların həyat tərzi dəyişib. Seksual azğınlaşmağa doğru gedirik. Hamının fikrində yalnız seksual azğınlaşmadır.

- Bu tarixdə də olub axı. Hərəmlər, saraylar, sultanların seks oyunları və s.

- Hər zaman belə önə çıxmayıb. Eyni zamanda, kariyera, təhsil, iş də olub. İndi ilk yerdə azğınlaşmadır. Sultanlarda idarəetmə olub. O boyda dövlətlər qurublar. 

- Bunu azaltmaq üçün nə məsləhət görürsünüz?

- Çıxış yolu bunu normal insan kimi qəbul etməyimizdir. Nə vaxt qəbul etsək, onda da azalacaq. Nəyə qadağa varsa, ona daha çox meyil var. Zorakılıq həddən artıq çoxalıb. Kişilərin fahişələrə marağı get-gedə artır. Çünki onlarla bəzi fantaziyalarını yerinə yetirə bilirlər. Azğınlaşma budur...

- Həmin o fantaziyaları həyat yoldaşları ilə etməyi ayıb sayırlar?

- Bəli, biz axı müsəlman ölkəsiyik. Amma hamısı etmir, deyə bilmirəm. Çünki edənlər də var.

Ruh özünü güzgüdə görsə, xaos yaranar...

- Demisiniz ki, ruhlarla əlaqə qururam. Daha çox xeyir, yoxsa şər işlər görürsünüz?

- Ruhlar  mənə istədiyim işlərdə kömək edirlər. Sadəcə, qərarlarımız ortaq olur. Mümkün deyil ki, başqa qərarlar verək. Deyə bilmərəm ki, şər işlər məndə yoxdur. Mənə pislik edən insana ikiqat cavab verə bilərəm. Bunu da ilk və son dəfədir ki, etiraf edirəm.

- Bir müğənni var. Deyir ki, mən yas yerinə gedə bilmirəm, gedəndə ölən adamın ruhunu görürəm. Bu, nə dərəcədə doğrudur?

- Bəli, elə şeylər var. Daha çox hissiyyatlı olan insanlar qəbiristanlığa belə gedə bilmirlər. Ona görə ki, ziyarət zamanı halları dəyişir. Bu da məzarlıqda nekroloji auranı hiss etmələridir.

Sadəcə, baxır hansı müğənnidir, bəlkə, yalan deyir?!

- Belə bir inanc var ki, guya hər cümə axşamı günü ölən adamın ruhu ailəsini ziyarət etməyə gəlir...

- Bu, inanc deyil, həqiqətdir. Hər bir adamın ruhu öz evini kənardan müşahidə edir. Ona görə qırx gün güzgüləri bağlayır, televizordan istifadə etmirik. Əslində, deyirlər, yas saxlayırıq, ancaq bütün bunlar ruha görədir. Ruh özünü güzgüdə görüb, öldüyünü anlaya bilər və fəlakət baş verər, xaos yaranar... 

- Xaos deyəndə nəyi nəzərdə tutursunuz?

- Güzgülər çatlayar, evdə kimsə xəstələnər, yaxud dava düşər...

- Evdə güzgünün sınması niyə pis əlamət sayılır?

- Bu, ruhlarla da, cinlərlə də bağlı olur. Bizim dediyimiz "portal" elə güzgüdən ibarətdir. Biz özümüzü görüb, keçə bilmirik, ruhlar isə özlərini...

- Bəs keçə bilmirlərsə, necə əlaqə qurursunuz?

- Dedim axı, portal açılır.


Xəbərə aid fotolar