"İnsanları görünüşünə görə qiymətləndirmirəm" FOTO


Şou-biznes 13 Apr 2018 03:30:00 330 0

"İnsanları görünüşünə görə qiymətləndirmirəm"  FOTO

Manana Caparidze gözəllik sirrini açıqlayır: Aktiv və pozitiv həyat tərzi, sağlam qidalanma 

İsti havalar yaxınlaşdıqca, geyimlər nazikləşdikcə, xanımları bir sual maraqlandırır: bayram günlərində qəbul etdiyimiz kilolardan necə qurtulaq? Bunun üçün qadınlarımız müxtəlif pəhriz və dieta üsullarına üz tuturlar. İkinci bir tərəfdən isə, zaman-zaman xanımlarımızın sevdikləri sənətçilərin gündəlik rejimləri ilə maraqlanıb, onların metodlarına üstünlük verdiklərinin şahidi olmuşuq. Beləliklə, "Məşhurların gözəllik sirləri" rubrikamızda ideal bədən quruluşuna sahib əməkdar artist Manana Caparidze ilə söhbət etdik.  Son.az bildirir ki, ana olduqdan sonra belə bədən quruluşunu qoruyub saxlayan sənətçi öz sirlərini bizimlə bölüşdü. M.Caparidze "Kaspi"yə açıqlamasında xarici gözəlliyinin aldadıcı olduğunu, qadına xanımlığın daha çox yaraşdığını dedi.    - Manana xanım, sizin üçün gözəllik nədir?    - Məni bu rubrika üçün münasib görməniz belə, mənim üçün bir komplimentdir. Bunun üçün sizə təşəkkür edirəm. Mənim üçün gözəllik böyük məfhumdur. Bu, insanın ruhundan, qanından, canından gəlməlidir.     - Necə yəni?   - Hər bir insanın iç siması onun daxilinin güzgüsüdür. İnsanın daxili, iç dünyası necədirsə, bu onun simasına yansıyır. Elə düşünürəm ki, xanımları onların biliyi, dünyagörüşü, bacarığı daha gözəl göstərir, nəinki üz cizgiləri. Hər insanın həyata baxışı fərqlidir. Mən görüb-götürmüş insanlara daha çox üstünlük verirəm. Heç zaman insanın görünüşünə görə onu qiymətləndirmirəm. Mənim üçün gözəllik xarici və vizual görüntü ilə kifayətlənmir. İnsanlarla gözəl münasibət qurmaq, onlarla xoş ünsiyyət saxlamaq, kobud olmamaq mənim üçün daha önəmlidir. İnsan kimi gözəl olmaq gözəl simadan, gözdən, qaşdan daha yaxşıdır. Emosiyalarını insanlara düzgün şəkildə çatdıran insanları da sevirəm. Bir şeyi unutmayın, pis əməllərlə məşğul olan insanın siması heç zaman nurani ola bilməz. Gördükləri əməllər hərfi mənada da gec-tez üzə çıxır. Çalışmaq lazımdır ki, bu həyatda kinsiz, nifrətsiz, qalmaqalsız yaşayasan. Heç kimin bostanına daş atmayasan. Mən pozitiv enerji aldığım insanlarla daha çox ünsiyyət qururam. Neqativ enerji bəxş edənlərdən uzaq durmağa çalışıram. Çünki qəlbində kin-küdurət olanlar hər zaman yorğun olurlar və insanı pis ab-havaya kökləyirlər. Adətən kənardan insana geyiminə görə qiymət verirlər, amma ağlına görə yola salırlar. Mən bu deyimə dili də əlavə edərdim. Çünki mənə görə insanı gözəl göstərən həm də dildir. Bilirsiniz, söz insanı öldürə də bilir, yaşada da. Ürəyi gözəl olanın siması gözəl olmasa da olar. - Manana Caparidzenin yeməklə arası necədir?   - Çox yaxşı. Yeməyi sevirəm, amma öz həddində. Sağlam qidalara üstünlük verirəm. Yemək qurmanı deyiləm. Qarşıma çıxan hər yeməyi mədəm doyana qədər yemərəm. Qidama diqqət edirəm. Nəyi nə zaman yemək lazım olduğunu bilirəm və yediyim hər bir yeməyə fikir verirəm. Xüsusən də səhər yeməklərinə diqqətlə yanaşıram. Elə insan var ki, səhər yuxudan oyanan kimi, günə kofe içərək başlayır. Mən bunun qəti əleyhinəyəm. Mənim üçün səhər yeməyi çox önəmlidir. Təbii və sağlam yeməklərdən istifadə edirəm. Hər şeydən az-az və təbii yeməklərlə qidalanıram. Yediyim yeməklərin yağlılığına, duzuna, şəkərinə də diqqət edirəm. Günorta yeməyində mütləq sulu yeməkdən istifadə edirəm. Sulu yeməyin insanın qida rasionunda vacib olduğunu düşünürəm. Diqqət etdiyim digər bir məqam isə ayaqüstü tez-tələsik yeməklərin yeyilməsidir. Əgər mənim yemək üçün vaxtım yoxdursa, tez-tələsik nəsə atışdırmıram. Əgər iki saatdan sonra, yaxud da günün sonunda zamanım olacaqsa, özümü saxlayıb həmin saat yeməyimi  yeyirəm. Tələsik yemək yemək mədəni uçuruma aparır. İnsan özü özünün həkimi  olmalıdır. Belə bir atalar sözü var "Səhər yeməyini özün ye, günortanı dostunla böl, axşamı isə düşməninə ver". Düzdür, bizim düşmənimiz yoxdur (gülür). Səhər yeməyindən imtina etmək nəinki bədən quruluşuna xeyirli deyil, o həm də bədəndə artıq çəkinin yığılmasına kömək edir.   - Xarici gözəlliyə üstünlük vermədiyinizi qeyd etdiniz. Sizcə, daxilən gözəl olmaq üçün hansı keyfiyyətlərə sahib olmaq lazımdır?   - İnsan gördüyü hər işi ürəkdən etməlidir. O qədər insanlar görmüşük ki, gözəlliyi dillərə dastan olub. Ancaq ağzını açanda, o gözəlliyin hamısını məhv edib. Bunun üçün savadın, dünyagörüşün, alicənablığın, mədəniyyətin və həyata baxışın da rolu danılmazdır. İnsan mütləq daxildən gözəl olmalıdır ki, cəmiyyətdə ona hörmət etsinlər. Qaşın-gözün gözəl olması ilə insan gözəl olmur.


Xəbərə aid fotolar