Peyvəndlərlə bağlı gəzən söhbətlərə aydınlıq gətirildi


Digərləri 12 Apr 2018 23:07:00 281 0

Peyvəndlərlə bağlı gəzən söhbətlərə aydınlıq gətirildi

Pediatrın sözlərinə görə, bu gün ölkəmizdə uşaqlar 11 yoluxucu xəstəliyə qarşı peyvənd edilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev Azərbaycan uşaqlarının peyvəndi ilə bağlı bütün mifləri dağıdıb. Həkim uşaqlara zərdabın vurulmasının müsbət tərəflərini izah etməyə çalışıb. Valideynlərə panikaya düşmədən uşaqlarını peyvənd elətdirməyi və bununla bağlı şayiələrə qətiyyən inanmamağı tövsiyə edib.

11 peyvənd

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, pediatrın sözlərinə görə, bu gün ölkəmizdə uşaqlar 11 yoluxucu xəstəliyə qarşı peyvənd edilir. Körpələrə bir həftəliyində poliomielit, vərəm və hepatit B-yə qarşı peyvənd vurulur. Sonrakı iki ay ərzində həkimlər uşaqları göy öskürək, difteriya, tetanus və pnevmokoka qarşı peyvənd edirlər. Bir yaşa qədər isə uşaqlara qızılca, məxmərək və qulaqdibi əleyhinə peyvənd vurulur.

Hər bir zərdabın uşaqda immunitet yaratması üçün müəyyən doza və zaman tələb olunur.

"Elə xəstəliklər var ki, onlara qarşı bir peyvənddən sonra immunitet yaranır. Lakin elə xəstəliklər də var ki, onlara qarşı dozanı artırmaq şərtilə bir neçə dəfə peyvənd eləmək lazım gəlir" - deyə Quliyev poliomielit kimi xəstəliklərin bir neçə dəfə peyvənd tələb etdiyini izah edib.

Peyvəndin uğurları

Pediatr Azərbaycanda qızılca, məxmərək, poliomielit və difteriya kimi xəstəliklərin aradan qalxdığını qeyd edib. Onun fikrincə, əgər valideynlər kütləvi surətdə peyvənddən qaçsaydılar, bu nəticə əldə olunmazdı: "Bu xəstəliklərin qarşısını ancaq peyvəndlə almaq olar. Demək olar ki, bu gün peyvəndləşmə 95% təşkil edir. Lakin bəzi valideynlər daha çox şayiələrə inanırlar, nəinki hələlik alternativi olmayan peyvəndlərin nəticələrinə" - deyə pediatr bildirib.

Hamısı eyni şeydir, amma birində qiymət bahadır

Bu gün Azərbaycanda uşaqları həm dövlət xəstəxanalarında, həm də özəl klinikalarda peyvənd elətdirmək mümkündür. Özəl klinikalarda peyvəndlər 40 manatdan 200 manatadəkdir. Quliyev bunu onunla izah edib ki, Səhiyyə Nazirliyi, özəl klinikalardan fərqli olaraq, çoxdozalı preparatlar alır. Dövlət poliklinikalarında minlərlə uşaq qeydiyyatda olur. Bahalı zərdabları almağa hər klinikanın imkanı yoxdur. Dərmanların keyfiyyəti eynidir, çünki onların hamısı Ümumdünya Səhiyyə Təşkilatının vahid standartına uyğun hazırlanır.