MTN polkovnikinin müdafiəsinə yeni vəkil qoşulub


Digərləri 12 Apr 2018 18:48:00 233 0

MTN polkovnikinin müdafiəsinə yeni vəkil qoşulub

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən Azər Mehdiyevin vəkili Qubad Salayevin vəfat etməsi ilə əlaqədar hakim yeni vəkilin işə qatılması üçün Azər Mehdiyevə müraciət edib.

Azər Mehdiyev deyib ki, yeni vəkil tutması üçün ailə üzvləri danışıqlar aparır: "Bizim müəyyən çətinliklərimiz var. Maliyyə durumumuz çox ağırdır. İki il yarımdır ki, həbsdəyəm. Ailənin yeganə gəlir gətirəni mən olmuşam".

Hakim bildirib ki, təqsirləndirilən şəxsin vəkil tuta bilməməsi maliyyə vəziyyəti ilə bağlıdırsa, ona dövlət tərəfindən vəkil təyin oluna bilər. Hakim qeyd edib ki, dövlət hesabına vəkil təyin olunması üçün 17 saylı hüquq məsləhətxanasına müraciət  edilib.

Buna cavab almaq üçün prosesdə fasilə elan olunub.

Fasilədən sonra 17 saylı hüquq məsləhətxanasından Azər Mehdiyevi müdafiə etmək üçün məhkəməyə yeni vəkil göndərib.

Yeni təyin olunan vəkil işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Buna görə proses növbəti aprelin 19-dək təxirə salınıb.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.