İlin ilk 3 ayı ərzində "Unibank"ın mənfəəti 5 milyon manata yaxın olub


Digərləri 12 Apr 2018 18:23:00 226 0

İlin ilk 3 ayı ərzində "Unibank"ın mənfəəti 5  milyon manata yaxın olub

2017-ci ili 4 milyon manatdan çox mənfəətlə bitirən Unibank, 2018-ci ilin ilk rübünü də müsbət göstəricilərlə başa vurub.

Bakı. 2017-ci ili 4 milyon manatdan çox mənfəətlə bitirən Unibank, 2018-ci ilin ilk rübünü də müsbət göstəricilərlə başa vurub. Bankdan Trend-ə verilən məlumata görə, bir çox sahələrdə inkişafa imza atan bank, 2018-ci ilin ilk rübündə yüksək mənfəət əldə edib. İlin ilk 3 ayı ərzində Unibankın mənfəəti 5 milyon manata yaxın olub. Bankın məcmu kapitalında da nəzərəçarpacaq artım qeydə alınıb. Məcmu kapital artaraq 70 milyon manata çatıb. Unibankda əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq sahəsində əhəmiyyətli dərəcədə artım davam etməkdədir. “Unibank” KB ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, 2018-ci ildə qarşımızda olan hədəflərə çatacağımıza inanırıq: “1-ci rübün nəticələri artıq onu sübut etdi ki, Bank qarşıya qoyduğu hədəflərə doğru inkişaf istiqamətində düzgün yoldadır. Son dövrlərdə həyata keçirdiyimiz islahatlar, bazara təqdim etdiyimiz məhsul və xidmətlər Bankın orta müddətli strategiyasını uğurla həyata keçirəcəyimizə əminliyi daha da artırır. Unibank olaraq qarşıdakı illərdə də müştəri məmnuniyyəti əsas prioritetimiz olaraq qalacaq”. Ötən ilin nəticələri ilə müqayisədə Unibankın kredit portfelində 11 milyon manatdan çox artım qeydə alınıb. Aktiv kreditləşmə dövrünə qədəm qoyan bank, verilən kreditlərin həcmində də ciddi artım əldə edib. Ötən ilin 1-ci rübü ilə müqayisədə verilmiş biznes kreditlərinin həcmi 6 dəfə, istehlak kreditlərinin həcmi 5 dəfə artıb. Bir çox sahələrlə yanaşı, kart satışında da artım olub. 2017-ci ilin 1-ci rübü ilə müqayisədə debet kartların sayı 19% artıb.