I Divizion klublarının yarıdan çoxu Topaz Premyer Liqasında iştirakdan imtina edib


İdman 12 Apr 2018 17:29:00 260 0

I Divizion klublarının yarıdan çoxu Topaz Premyer Liqasında iştirakdan imtina edib

Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən klubların yarıdan çoxu 2018/2019 mövsümündə Premyer Liqada iştirak üçün ərizə verməyib.

Goal.az xəbər verir ki, bu barədə “Report”a AFFA Lisenziyalaşdırma Qrupunun yeni rəhbəri Sərxan Hacıyev bildirib. O deyib ki, elitaya yüksəlmək istəyən klubların dəqiq sayını söyləmək idman prinsiplərinə ziddir: “Bu üzdən, konkret rəqəm söyləyə bilmərəm. Hazırda aşağı dəstədə 10 klub çıxış edir. Lakin növbəti mövsüm Premyer Liqada mübarizə aparmaq üçün ərizə verənlərin sayı 50 faizdən azdır”.

S.Hacıyevin sözlərinə görə, Premyer Liqa klublarının hamısı növbəti mövsümdə də elitada çıxış etmək üçün ərizə veriblər: “Səbail” elitada 3 mövsüm çıxış etmədiyi üçün avrokuboklara qatıla bilməz. Digər 7 komanda qitə miqyaslı yarışlarda iştirak etmək istəyir. Düzdür, “Kəpəz” əvvəlcə bunun üçün ərizə verməmişdi. Lakin son anda fikrini dəyişdi”.

Lisenziyalaşdırma Qrupunun rəhbəri Azərbaycan klublarının avrokuboklarda ev oyunlarını keçirmək üçün sifariş etdikləri stadionlardan söz açıb: “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunu sifariş verib. “Bakcell Arena” təmirə bağlandığı üçün digər 6 klub “Dalğa Arena”nı seçib. Bütün komandalar ehtiyat arena qismində Bakı Olimpiya Stadionunu göstəriblər. “Bakcell Arena”nın ot örtüyünün bərpası, təxminən, sentyabr ayına qədər çəkəcək. Bu arena hazır olandan sonra xüsusi icazə formasında avrokuboklara sifariş verilə bilər. Bunun üçün ev oyunlarını orada keçirən klubların qrup mərhələsinə vəsiqə qazanmaları lazımdır”.

S.Hacıyev deyib ki, Premyer Liqada iştirak etmək üçün lisenziyaların verilməsi mayın ortasına təsadüf edəcək: “Hər il olduğu kimi, Premyer Liqanın başa çatmasına yaxın lisenziya alan klublar açıqlanacaq. Mövcud reqlamentə əsasən, elitanı 1 klub tərk edəcək və onu I Divizion təmsilçisi əvəzləyəcək. Premyer Liqa klublarının sayının 8-dən 10-a artırılmasına gəlincə, buna AFFA-nın İcraiyyə Komitəsi qərar verir. Bu yöndə qərar verilərsə, 10 klub da elitada çıxış edə bilər”.

Uzun müddətdir AFFA-nın baş katibinin müavini olan S.Hacıyev Lisenziyalaşdırma Qrupunun rəhbəri vəzifəsini müvəqqəti yerinə yetirdiyini bildirib. Onun sələfi Elçin Məmmədov isə hazırda UEFA-da çalışır.