Milli QHT Forumu: "Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir"


Digərləri 12 Apr 2018 15:14:00 273 0

Milli QHT Forumu: "Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir"

"Sıralarında 700-ə qədər QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu bəyan edir ki, prezident seçkiləri milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq azad, şəffaf, ədalətli şəraitdə keçirilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu prezident seçkiləri ilə əlaqədar Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində keçirdiyi konfransda Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

O bildirib ki, prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir.

R.Zeyni qeyd edib ki, xalqımızın və dövlətimizin inkişafında mühüm tarixi əhəmiyyəti olan 11 aprel prezident seçkiləri MSK tərəfindən 125 DSK üzrə 5641 məntəqədə keçirilib, o cümlədən Azərbaycanın xarici səfirliklərində və konsulluqlarında 41 məntəqə yaradılıb. Seçkilərdə qeydiyyata alınmış seçicilərin sayı 5 314 365, seçkilərdə iştirak edən seçicilərin sayı 3 959 553, qeydiyyata alınmış namizədlərin sayı 8 nəfər olub. Seçkilərdə müşahidə missiyasını yerinə yetirmək üçün 59 ölkədən olan 61 təşkilatdan 894 nəfər beynəlxalq müşahidəçi və 58 175-dən çox yerli müşahidəçi qeydiyyata alınıb.

R.Zeyni əlavə edib ki, MQF-nin qərarı ilə MQF seçki qərargahı yaradılıb, aprelin 11-də keçirilən prezident seçkilərini 118 dairə üzrə 590 və respublika üzrə 30 müşahidəçi ilə vətəndaş cəmiyyəti institutu olaraq müstəqil şəkildə müşahidə edib:

"MQF müşahidə missiyasının rəyi bundan ibarətdir ki, qanunların aliliyi və demokratik dəyərlər prinsipindən irəli gələrək, ölkədə azad, demokratik, şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün münbit şərait yaradılıb. Azərbaycan qanunvericiliyi və Mərkəzi Seçki Komissiyası tərəfindən seçki prosesini tənzimləyən hüquqi sənədlərin qəbul olunması ölkədə demokratik seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün tam hüquqi təminat yaradıb. MQF seçki müşahidə missiyası seçkidən öncə və seçki günü apardığı monitorinq zamanı seçki qanunvericiliyinin və ya seçici hüquqlarının pozulması faktlarına rast gəlməyib".

R.Zeyni qeyd edib ki, ölkədə sərbəst toplaşma, seçki kampaniyasının təşkili, mitinqlərin və digər kütləvi tədbirlərin keçirilməsi, söz azadlığı və digər hüquqlar tam təmin olunub. Bundan əlavə, MSK tərəfindən 1000 məntəqədə video-müşahidə kamerası quraşdırılıb və bu məntəqələrdə seçkiləri onlayn müşahidə etmək imkanı yaradılıb. Səsvermə otaqları və seçki bülletenləri seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib olunub. Hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün 1455 məntəqədə mobil panduslar quraşdırılıb və onların səsverməsi üçün şərait yaradılıb".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.