Demokratik İslahatlar Partiyası: "Seçkilərdə müsbət irəliləyişlər müşahidə olunub"


Siyasət 12 Apr 2018 13:59:00 307 0

Demokratik İslahatlar Partiyası: "Seçkilərdə müsbət irəliləyişlər müşahidə olunub"

Demokratik İslahatlar Partiyası (DİP) 11 aprel Azərbaycan prezidenti seçkiləri ilə bağlı müşahidələrinin nəticələrini açıqlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Demokratik İslahatlar Partiyasının bəyanatında deyilir ki, DİP-dən olan müşahidəçilər ölkə üzrə 125 seçki dairəsini və müvafiq olaraq 1000-dək seçki məntəqəsini əhatə ediblər: "Onların verdiyi məlumatlara görə, namizədlərin qeydə alınması prosesində hər hansı qanun pozuntusu müşahidə olunmayıb. Bütün namizədlərə elektron və çap kütləvi informasiya vasitələrinə çıxış imkanları yaradılıb. Siyasi qüvvələrin sərbəst toplaşmaq hüququ məhdudlaşdırılmayıb. MSK-nın seçkiləri yüksək səviyyədə təşkil etməsi, seçki maarifləndirməsi sahəsində gördüyü işlər, məntəqələrə müşahidə kameralarının yerləşdirilməsi, seçki günü ictimaiyyətin operativ şəkildə nəticələrlə bağlı məlumatlandırılması, KİV-ə, qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara, beynəlxalq təşkilatların nümayəndələrinə seçkiləri müşahidə etmək üçün normal şəraitin yaradılması təqdirəlayiqdir".

Qeyd olunur ki, ümumilikdə seçki prosesində, eləcə də səsvermə zamanı hər hansı qanun pozuntuları, seçicilərlə seçki komissiyalarının üzvləri arasında gərginlik müşahidə olunmayıb: "11 aprel seçkiləri şəffaf və demokratik qaydalara uyğun şəraitdə keçib. Seçicilərə öz iradəsini sərbəst şəkildə ifadə etmək üçün lazımi şərait yaradılıb, seçici fəallığı aşkar hiss olunub. Təqdirəlayiq haldır ki, ölkəmizin diplomatik nümayəndəliklərinin səfirlik və konsulluqlarda müvafiq seçki komissiyaları yaratması nəticəsində bütün dünyadakı azərbaycanlılar Azərbaycan Respublikasının Prezidenti seçkilərində iştirak etmək imkanı qazanıblar".

Bildirilir ki, DİP-in müşahidəçilərinin qeydləri və əldə edilən yekun protokolların nəticələri MSK İnformasiya Mərkəzinin elan etdiyi nəticələrlə üst-üstə düşür.

Bəyanatda deyilir ki, müşahidəçilər seçki prosesdə ciddi qüsurlar, qeyri-qanuni hallar müşahidə etməyiblər: "Ümumilikdə bu seçkilərdə ölkədə keçirilən əvvəlki seçkilərlə müqayisədə müsbət irəliləyişlər müşahidə olunub".