"Belə çətin şərtlər içərisində Azərbaycanı yalnız İlham Əliyev kimi lider idarə edə bilər" MÜSAHİBƏ


Digərləri 12 Apr 2018 13:36:00 286 0

"Belə çətin şərtlər içərisində Azərbaycanı yalnız İlham Əliyev kimi lider idarə edə bilər"  MÜSAHİBƏ

"Azərbaycanda milli mental keyfiyyətlərimizə uyğun olaraq xüsusi siyasi mədəniyyət formalaşıb".

Azərbaycanda milli mental keyfiyyətlərimizə uyğun olaraq xüsusi siyasi mədəniyyət formalaşıb.

Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlunun 11 aprel 2018-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı Son.az-a müsahibəsi:

- Hikmət müəllim, seçkilər necə keçdi?

- Hər bir seçkinin neçə keçdiyini qiymətləndirmək üçün ilk növbədə seçici fəallığına və onların öz münasibətlərini müstəqil formada ifadə edə bilmə imkanlarına diqqət yetirmək lazımdır. Biz 11 aprel 2018-cil ildə baş tutan prezident seçkilərində seçki fəallığının çox yüksək olduğuna şahidlik etdik. Eyni zamanda hər bir seçici açıq və şəffaf formada seçki qutularında öz vətandaşlıq mövqeyini azad şəkildə ifadə etdi. Bu çox mühüm məsələdir və əslində, seçkinin necə keçirildiyini qiymətləndirmək üçün yetərlidir. Deməli, 11 aprel seçkiləri Azərbaycanın ən yeni siyasi tarixinə azad və demokratik seçki kimi düşdü.    Ancaq biz bilirik ki, seçki həm də siyasi mədəniyyət və hüquq hadisəsidir. Ona görə də bu məsələlərə də nəzər salmaq lazımdır. Artıq Azərbaycanda milli mental keyfiyyətlərimizə uyğun olaraq xüsusi siyasi mədəniyyət formalaşıb. Bu mədəniyyət heç də Qərbin bir sıra köklü demokratik cəmiyyətlərində olan siyasi mədəniyyətdən geri qalmır, hətta bəzi göstəricilrəinə görə onu qabaqlayır. Məsələn, seçki fəallığı bu məsələdə mühüm nümunə kimi ortaya çıxır. Bu da onunla əlaqədardır ki, Azərbaycan xalqı nə qədər mürəkkəb geostrateji bir rayonda yaşadığını bilir və regionu hansı qlobal təhlükələrin təhdid etdiyindən xəbərdardır. Siyasi fəal fərd dərk edir ki, belə çətin şərtlər içərisində Azərbaycanı hər hansı lider deyil, yalnız İlham Əliyev kimi təcrübəli, xüsusi siyasi məktəb keçmiş, dərin strateji biliklərə sahib və milli maraqlarımızı hər şeydən üstün tutmağı bacaran lider idarə edə bilər. Düşünürəm ki, seçki fəallığının bir səbəbi də elə budur. Hüquqi tərəfinə gəldikdə isə, hər bir demokratiya yalnız hüquqa söykənəndə əsaslı və davamlı olur. Yəni hüquq, xüsusilə də siyasi hüquq demokratiyanın keşikçisi və təminatçısıdır. Azərbaycanda isə siyasi hüquqlar digər başqa hüquqlarla birlikdə konstitusion əsaslarda təmin edilib. Seçki hüququ da siyasi hüquqlarımızın tərkib hissəsidir və Azərbaycan vətandaşları bu hüquqlarından da sərbəst şəkildə istifadə edirlər. Ona görə də əminliklə deyə bilərik ki, seçki yüksək səviyyədə təşkil ounmuşdu və yüksək səviyyədə də keçdi.

- Sizcə, beynəlxalq aləm Azərbaycandakı seçkiləri və onların nəticələrini necə qiymətləndirməlidir?

- Bilirsinizmi, əslində, normal demokratik cəmiyyətlərdə beynəlxalq aləmin rəyi və mövqeyi seçki ilə bağlı ən sonuncu məsələlərdən biri kimi qəbul edilir. Prezident seçkiləri ümummilli hadisədir və burada xalqın iradəsi əsasdır. Özündən əmin olan cəmiyyətlər məsələni məhz bu nöqteyi-nəzərdən qiymətləndirirlər. Məncə bizdə də beynəlxalq aləm məsələsinə münasibət belə olmalıdır. Çünki beynəlxalq aləm dediyimiz mövcudad çoxsaylı və fərqli maraqları olan təşkilatlanmalardan ibarətdir və onların hər biri seçkini öz maraqları kontekstində qiymətləndirir. Bu maraqlar isə heç də həmişə, hətta mütləq əksər zamanlarda bizim milli maraqlarla üst-üstə düşmür. Təəssüf ki, bütün Şərqi Avropada və postsovet məkanında həmişə beynəlxalq reaksiya mühüm bir hadisə kimi qabardılır və bu da bizim milli maraqlarımızın və demokratiyamızın lehinə olmur, hətta çox vaxt onu istismar edir, deformasiyaya uğradır. Ona görə də Azərbaycanda seçkini ilk növbədə Azərbaycan xalqı qiymətləndirməlidir ki, o da öz mövqeyi ilə artıq bunu çox yüksək dərəcədə edib.

- İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən prezident seçilməsi gözlənilən idimi?

- Əlbəttə, gözlənilən idi, çünki İlham Əliyev bu günə qədər ölkəmizdə görülən işlərin müəllifi, bundan sonra isə görüləcək işlərin təminatçısıdır. Bunu xalqımız çox gözəl bilir. Əgər indi 2013-cü ildən bu günə qədər görülmüş işləri sadalamağa çalışsaq, nə sizin informasiya resurslarınızın səhifələri buna çatar, nə də mənim yaddaşımın güçü bunları sadalamağa yetər. Yəni bu qədər böyük işlər görülüb. Biz bunu hər addımda müşahidə edirik. Bilirsinizmi, mən təbliğat-təşviqat prosesində çoxlu rayon və kəndlərdə oldum. Heç vaxt danışmaq, nəyi isə təbliğ etmək mənim üçün bu qədər asan olmamışdı. Çünki hər rayonda, hər kənddə təkcə elə orda görülən işləri sadalayıb bitirmək olmurdu. Ona görə də Prezident İham Əliyevin belə çox səs və böyük fərqlə qalib gələcəyini əvvəlcədən proqnozlaşdırmaq heç də çətin deyildi.

- Təbii ki, seçkilərin nəticələri sonda hələ rəsmən tam təsdiqlənməlidir. Amma görünən odur ki, ciddi bir şey dəyişməyəcək. Bu baxımdan İlham Əliyevin bundan sonrakı 7 illik prezidentliyi dönəmində Azərbaycanın gələcəyi ilə bağlı gözləntiləriniz nədir?

- Bütün Azərbaycan xalqı kimi mənim də birinci gözləntim bu ziddiyyətli və mürəkkəb tarixi mərhələdə ölkəmizdəki əmim-amanlığın, sabitliyin qorunub saxlanılmasıdır. İkincisi, əlbəttə, torpaqlarımızın erməni işğalından azad olunması və ölkəmizin daha da inkişaf etdirilməsidir. Bunlar hazırkı beynəlxalq şərtlər içərisində çox mürəkkəb və hətta  deyərdim ki, fövqəladə çətin məsələlərdir. Ancaq biz liderimizə inanırıq. İnanırıq ki, bunları təmin edə biləcək yeganə siyasətçi cənab İlham Əliyevdir. Ona görəcəyi böyük və tarixi işlərdə uğurlar arzulayır, bütün Azərbaycan xalqı kimi həmişə dəstəkçisi olacağımıza hazır oluğumuzu bildiririk.

İlkin İzzət Son.az