Bakıda 150 manata görə tanışını öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsinə şahidlər məcburi gətiriləcək


Sosial 12 Apr 2018 12:31:58 290 0

Bakıda 150 manata görə tanışını öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsinə şahidlər məcburi gətiriləcək

Məhkəmənin növbəti iclası aprelin 26-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüqar Əlizadə və Əliyev İlhamın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlər - Nicat Abdulov və Amil Nuriyevin məhkəməyə gəlmədiyi elan olunub.

Məhkəmə həmin şahidlərin barəsində məcburi gətirilmə barədə qərar çıxarıb.

Məhkəmənin növbəti iclası aprelin 26-na təyin edilib.

Qeyd edək ki, hadisə Sabunçu rayonun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlu tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu pul məsələsinə görə bıçaqlayaraq qətlə yetirib.

Hər iki şəxs Bakıda fəhlə işləyirmiş və 23 yaşlı K.Quliyev tanışında bir müddət əvvəl borc olaraq 150 manat pul alıb.

Daha sonra V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.

Onlar arasında mübahisəsi davaya çevirilib və V.Əlizadə 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi vurub.

Hadisədən sonra İ.Əliyevin də cinayət işində əli olduğu məlum olub.

Hər iki şəxs Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Məlumata görə, bir-birinin əleyhinə ifadə verən şəxslərin arasında düşmənçilik var. Bu səbəbdən onlar eyni şüşə qəfəsə salınmayıblar.