Avropa İttifaqı Regional Komitəsi: "Seçkinin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir"


Siyasət 12 Apr 2018 12:27:00 320 0

Avropa İttifaqı Regional Komitəsi: "Seçkinin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir"

Avropa İttifaqı Regional Komitə üzvlərinin müşahidə missiyası hesab edir ki, Azərbaycanda aprel ayının 11-də keçirilən prezident seçkiləri legitimdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, missiyanın üzvü, Estoniyadan olan beynəlxalq müşahidəçi Marf Vorklayev bu gün keçirdikləri brifinqdə deyib.

Müşahidəçi bildirib ki, seçkilər dinc, şəffaf və rəqabətlilik mühitində keçirilib. Seçicilərin sərbəst və gizli səsvermə hüquqları təmin edilib. Seçkinin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir:

"Seçki başa çatdıqdan sonra müşahidə missiyasının üzvləri 3 məntəqədə yekun səslərin sayılmasını izləyiblər. Səslərin sayılması prosesini digər müşahidəçilər də heç bir məhdudiyyət olmadan izləyə biliblər. Seçki məntəqələrində səsvermə prosesinə kənar müdaxilələr müşahidə edilməyib".

M.Vorklayev qeyd edib ki, seçkidə seçici fəallığı yüksək olub, səsvermə prosesi texniki və təşkilatı baxımından yaxşı təşkil edilib: "Müşahidə qrupumuzun səfər etdiyi demək olar ki, bütün məntəqələrdə səsvermə prosesinin onlayn izlənməsi üçün şərait yaradan veb kameralarla təmin edilib".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.