Bosniyalı müşahidəçi: "Prezident seçkilərinin nəticələri Azərbaycanın inkişafının zəmanətidir"


Siyasət 12 Apr 2018 12:18:00 244 0

Bosniyalı müşahidəçi: "Prezident seçkilərinin nəticələri Azərbaycanın inkişafının zəmanətidir"

Azərbaycanda prezident seçkilərinin nəticələri ölkənin inkişafının zəmanətidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bosniya və Herseqovina parlamentinin nümayəndəsi Predraq Kojul mətbuat konfransında deyib.

O qeyd edib: "Biz seçkilərdə müşahidə kimi iştirak etmək dəvətini böyük məmnuniyyətlə qəbul etdik. Seçki prosesini diqqətlə müşahidə etdik".

P.Kojul vurğulayıb ki, beynəlxalq müşahidəçilər və QHT-lərin işi üçün bütün şərait yaradılmışdı: "Pozuntu qeydə alınmayıb, seçicilər fəal şəkildə səs verib. Səsvermə prosesi yüksək səviyyədə təşkil olunub".

O, müsbət məqam kimi seçkilərdə gənclərin fəallığını və məhdud imkanlı şəxslərin səs verməsi üçün yaradılan imkanları qeyd edib.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.