Azadlıq və Demokratiya Fondu: Prezident seçkilərində bütün vətəndaşlar bərabər seçki hüququndan yararlanıb


Siyasət 12 Apr 2018 11:28:00 301 0

Azadlıq və Demokratiya Fondu: Prezident seçkilərində bütün vətəndaşlar bərabər seçki hüququndan yararlanıb

Azərbaycanda prezident seçkiləri qanunvericiliyə uyğun və beynəlxalq standartlar çərçivəsində keçirildi.

Son.az Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransında Azadlıq və Demokratiya Fondunun müşahidə missiyasının rəhbəri Pere Masias deyib.

O bildirib: "Biz prezident seçkilərinin təşkilində Azərbaycanın tətbiq etdiyi təcrübəni alqışlayırıq. Seçki məntəqələrinə girişdə heç bir məhdudiyyət yox idi, bütün seçicilər və müşahidəçilər açıq və şəffaf seçkilərin gedişinə nəzarət edə bilərdi".

O, həmçinin seçki məntəqələrində təbliğat materiallarının istifadəsi kimi pozuntu hallarının olmadığını vurğulayıb və MSK-nın prezident seçkilərində iştirak çağırışı ilə bağlı səylərini yüksək qiymətləndirib:

"Azərbaycanda seçkilər effektiv və peşəkar səviyyədə keçdi. Bütün vətəndaşlar bərabər seçki hüququndan yararlanıb".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.