GİSDİ: "11 aprel prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib və Azərbaycan xalqının iradəsini ifadə edir"


Siyasət 12 Apr 2018 11:16:00 447 0

GİSDİ: "11 aprel prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib və Azərbaycan xalqının iradəsini ifadə edir"

Bolqarıstanın Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsü (GİSDİ) QHT-si Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı bəyanat verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, GİSDİ-nin Azərbaycanda keçirilən prezident seçkilərinin müşahidəsi üzrə seçki müşahidə missiyasinin rəhbəri Mixail Mirçev bu gün keçirdikləri brifinqdə, bəyanatda seçki kampaniyası və seçki günü aparılan müşahidələrin və seçkinin nəticələrinə əsaslanan qiymətləndirmənin əks olunduğunu söyləyib .

O bildirib ki, seçkiqabağı kampaniya və seçki günü apardıqları müşahidələr martın 29-da təqdim etdikləri Aralıq Hesabatda qeyd edilən əsas nəticə və faktları təsdiqləməyə imkan verir.

Bəyanatın mətnini açıqlayan M.Mirçev əlavə edib ki, seçki günü seçki prosesi normal təşkil edilmişdi. Secicilərə heç bir təzyiq göstərilməsi müşahidə edilməyib. Secki idarəetmə orqanları və ya daha aşağı instansiya komissiyalarına - Dairə Seçki Komissiyalarına qarşı ictimai nümayiş halları baş verməyib: "İlkin faktlar və nəticələrə əsasən belə qənaətə gəlirik ki, GİSDİ-nin müşahidəçiləri heç bir problem olmadan məntəqələrə daxil olublar. Seçki qutularının möhürlənməsi ilə bağlı heç bir pozuntu qeydə alınmayıb".

M.Mirçevin sözlərinə görə, səsvermə prosesi şəffaf keçib, səsvermə kabinəsindən kənarda səsvermə halları müşahidə edilməyib: "Qutulara topa bülletenlərin atılması və ya bir seçicinin bir neçə nəfərin yerinə səs verməsi cəhdləri müşahidə edilməyib. Səsvermə məntəqəsinin heyət üzvləri və digər rəsmilər tərəfindən seçicilərə hansısa namizədə səs vermələri ilə bağlı təzyiqin göstərilməsi halları qeydə alınmayıb, hansısa namizədin xeyrinə təbliğatın aparılması müşahidə edilməyib. Səsvermə prosesinə kənar müdaxilələr olmayıb".

M.Mirçev deyib ki, səslərin hesablanması prosesi şəffaf aparılıb. Bu proses zamanı heç bir ciddi qanun pozuntuları qeydə alınmayıb: "Ümumilikdə seçki prosesi şəffaf aparılıb və seçki nəticələrinə mümkün təsir edə biləcək ciddi qanun pozuntuları müşahidə edilməyib. Beləliklə, GİSDİ belə qənaətə gəlir ki, 11 aprel prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib və Azərbaycan xalqının iradəsini ifadə edir".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.