Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək


İdman 12 Apr 2018 11:18:00 268 0

Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.

Goal.az xəbər verir ki, günün ilk matçında Keşlə Sumqayıt-ı qəbul edəcək. Azərbaycan çempionatlarında dəfələrlə qarşılaşmış komandalar ilk dəfə kubokda üz-üzə gələcəklər. Sumqayıt mərkəz müdafiəçiləri sarıdan sıxıntı ilə üzləşib. "Gənclər şəhəri” təmsilçisinin heyətində cəzalı Bəxtiyar Həsənalızadənin meydana çıxmayacağı dəqiqdir. Zədəli Vurğun Hüseynovun isə oynayıb-oynamayacağı bilinmir. "Keşlə”də isə zədəli müdafiəçilər - Cabir Əmirli və Murad Qayalı iştirak edə bilməyəcək. Yüngül zədəsi olan qapıçı Kamran Ağayevin durumu isə sual altındadır.

Qəbələ isə doğma azarkeşlər önündə Neftçi ilə üz-üzə gələcək. Bu komandalar indiyədək ölkə kubokunda 3 oyun keçiriblər. Hər 3 qarşılaşma eyni hesablı heç-heçə ilə başa çatıb - 1:1. Duellərin ikisinin taleyinə penaltilərdə aydınlıq gəlib. "Neftçi" 4 il öncə finalda, iki il öncə isə yarımfinalda qələbə qazanıb.

"Qəbələ” zədə səbəbindən qapıçı Dmitri Bezotosnı və mərkəz müdafiəçisi Vitali Vernidubun xidmətindən yararlana bilməyəcək. "Neftçi”də yeganə itki kapitan Ruslan Abışovdur. 

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyunlar

12 aprel (cümə axşamı)

16:00. "Keşlə” – "Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı, "İnter Arena”

18:00. "Qəbələ” – "Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu