BAMF prezident seçkiləri ilə bağlı bəyanat yaydı


Siyasət 12 Apr 2018 10:37:00 240 0

BAMF prezident seçkiləri ilə bağlı bəyanat yaydı

"Azərbaycanda prezident seçkiləri dinc və sakit şəkildə, müasir beynəlxalq standartlara uyğun şəkildə keçirilib".

Son.az xəbər verir ki, bunu Trend-ə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) respublika üzrə müşahidə missiyasının rəhbəri Umud Mirzəyev deyib.

Missiya rəhbəri bildirib ki, müşahidələr zamanı prosesdə qanunsuzluq aşkarlanmayıb: "Hər hansı qeyri-qanuni təşviqat halına rast gəlinməyib, seçicilərə təzyiq halları baş verməyib. Seçkilərdə kütləvilik müşahidə olunub. Müşahidələrimizin nəticələrinə görə, məntəqələr vaxtında açılıb, bütün müşahidəçilərə öz missiyalarını həyata keçirmələri üçün bərabər şərait yaradılıb. Səhər saatlarından etibarən seçki məntəqələrində səs vermək istəyənlərin növbəsi müşahidə olunurdu. Seçkidə ayrı-ayrı namizədlərin, məntəqə üzvlərinin, eləcə də seçkini izləyən mətbuat nümayəndələrinin, "exit-poll" aparan şəxslərin şikayəti və ya hər hansı qanun pozuntusuna rast gəlmədik".

U. Mirzəyev bildirib ki, səsvermə başa çatdıqdan sonra səslərin sayılması şəffaf aparılıb və seçki prosesi zamanı hər hansı ciddi pozuntu halı müşahidə olunmayıb: "Seçkilər zamanı ictimaiyyətə, KİV nümayəndələrinə, televiziyalara seçkinin gedişi ilə bağlı məlumatların mütəmadi və operativ təqdim olunması ilə bağlı imkanlar yaradılıb, media təmsilçilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq seçkinin işıqlandırılması ilə bağlı aktivlik müşahidə olunub".

U. Mirzəyev bildirib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu 11 aprel - Prezident seçkilərində respublika ərazisində 29 seçki dairəsi üzrə 249 məntəqədə müşahidə missiyasını həyata keçirib və müşahidə missiyasının seçkilərin gedişi ilə bağlı geniş hesabatı ictimaiyyətə təqdim olunacaq.