Brüsseldə Azərbaycan prezidenti seçkilərində səsvermə başa çatıb


Siyasət 11 Apr 2018 22:17:00 239 0

Brüsseldə Azərbaycan prezidenti seçkilərində səsvermə başa çatıb

Azərbaycanın Belçikadakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 48 saylı seçki məntəqəsində prezident seçkilərinə səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şəffaf və ədalətli seçki üçün yüksək şəraitin yaradıldığı məntəqədə Belçikada yaşayan və seçki günü bu ölkədə ezamiyyətdə olan çoxsaylı Azərbaycan vətəndaşları azad və sərbəst şəkildə səs veriblər.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.