"Exitpoll": Seçicilərin 82.71 faizi İlham Əliyevə səs verib


Siyasət 11 Apr 2018 19:49:00 227 0

"Exitpoll": Seçicilərin 82.71 faizi İlham Əliyevə səs verib

"ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi Azərbaycanda prezident seçkilərində keçirdiyi "exit-poll"un nəticələrini açıqlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, "exit-poll" 118 seçki dairəsi üzrə 300 məntəqədə keçirilib.

"Exit-poll" zamanı elektron texnologiyalar tətbiq edilib, xüsusi proqramdan istifadə olunub.

"ELS - Müstəqil Araşdırmalar Mərkəzi"nin rəhbəri İradə Yaqubova bildirib ki, "exit-poll"da iştirakdan imtina edən seçicilərin sayı Bakıda 12-15 faiz, rayonlarda isə 3-4 faiz olub.

O qeyd edib ki, səsvermədə seçici fəallığı 68.7 faiz təşkil edib.

"Exit-poll"un nəticələrinə əsasən, seçicilərin 82.71 faizi İlham Əliyevə, 4.23 faizi Qüdrət Həsənquliyevə, 3.56 faizi Sərdar Məmmədova, 3.37 faiz Zahid Oruca, 2.01 faizi Hafiz Hacıyevə, 1.87 faizi Araz Əlizadəyə, 1.33 faiz isə Fərəc Quliyevə, 0.92 faizi isə Razi Nurullayevə səs verib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.