Fransalı deputat: "Azərbaycanda prezident seçkiləri beynəlxalq normalara uyğun təşkil edilib"


Siyasət 11 Apr 2018 19:16:00 237 0

Fransalı deputat: "Azərbaycanda prezident seçkiləri beynəlxalq normalara uyğun təşkil edilib"

Azərbaycanda prezident seçkiləri beynəlxalq normalara uyğun təşkil edilib.

Son.az xəbər verir ki, bunu Trend-ə Fransa parlamentinin müşahidə missiyasının üzvü Mişel Laflandr deyib.

O qeyd edib ki, müşahidə missiyası 9-dək seçki məntəqəsində səsvermənin gedişini izləyib:

"Biz saat 09:00-dan müşahidələrə başladıq və təqribən 8-9 seçki məntəqəsində olduq. Demək olar ki, bütün seçki məntəqələrində proses eyni idi, məntəqələr arasında hər hansı xüsusi fərq yox idi. Texniki baxımdan hər şey yaxşı təşkil edilmişdi. Fikrimcə, belə təşkilatçılığa görə yalnız seçki məntəqələrinin rəhbərlərinə deyil, həm də seçicilərin özünə minnətdar olmalıyıq. Belə ki, biz böyük aktivlik müşahidə etdik".

M.Laflandr əlavə edib ki, seçki prosesi - sənədlərin yoxlanılması proseduru, xüsusi ultrabənövşəyi mürəkkəb və s. beynəlxalq normalara uyğun təşkil edilmişdi, hər şey yüksək səviyyədə idi.

Missiya üzvünün sözlərinə görə, müşahidəçilər səsvermə prosesi zamanı heç bir pozuntu qeydə almayıblar: "Mən və həmkarlarım problem və ya hər hansı pozuntu ilə qarşılaşmamışıq. Yerli müşahidəçilərlə də görüşüb söhbət etdik, suallar verdik. Onların cavabları bir daha tam şəkildə əmin olmağımıza imkan verdi ki, proses şəffaf keçir".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.