"Mən ölkəmizin inkişafına, firavanlığına, əminamanlığına səs vermişəm" FOTO


Digərləri 11 Apr 2018 17:58:00 236 0

"Mən ölkəmizin inkişafına, firavanlığına, əminamanlığına səs vermişəm"  FOTO

Seçib-seçilmək hüququ olan hər bir vətəndaşın prezident seçkilərində səs verməsini təmin etmək üçün məntəqə seçki komissiyalarında hər cür şərait yaradılıb. Hərəkət etməkdə çətinlik çəkən ahıl seçicilərin öz iradələrini ifadə etmələri üçün səyyar səsvermə qutuları onların evlərinə aparılır. Belə seçicilərdən biri də ömrünün 88-ci baharını yaşayan ağbirçək Zinyət Həsənovadır.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 11-də 8 saylı Binəqədi ikinci Seçki Dairəsinin 27 saylı seçki məntəqəsinin əməkdaşları Zinyət nənənin yaşadığı ünvana bülleten və səyyar səsvermə qutusu gətirmişdilər.

Seçici siyahısını imzalayandan sonra seçki bülletenini alıb işarələyən və səsvermə qutusuna salan Zinyət Həsənova dedi:

-Mən çox seçkilərdə iştirak etmişəm, bu seçkilərdə də iştirak etdiyim üçün Allahımdan razıyam. Tanrıya şükürlər olsun ki, ölkəmizdə inkişaf, dinclik, yaxşı güzəran var. Cavanlarımıza, qocalarımıza qayğı göstərilir. Bunlar bizə Allahın köməyi ilə ulu öndərimiz Heydər Əliyevdən miras qalıb. Xalqımız bu mirasın qədir-qiymətini yaxşı bilir. Torpaqlarımızın yağı düşməndən azad edilməsi gününü görmək hamı kimi mənim də ən böyük arzumdur. İnşallah, bu günü tezliklə görəcəyik. Bu inamı bizdə qəhrəman əsgərlərimizin Aprel döyüşlərindəki qələbəsi doğurub. Mən bu istəklə daha xoşbəxt gələcəyimizə, firavan yaşayışımıza səs vermişəm. Allah seçəcəyimiz prezidentin köməyində dursun. Millətimizə xoşbəxtlik nəsib olsun, İnşallah.


Xəbərə aid fotolar