Necdet Ünüvar: "Azərbaycanda keçirilən prezident seçkiləri dünya üçün də önəmlidir"


Siyasət 11 Apr 2018 17:32:24 250 0

Necdet Ünüvar: "Azərbaycanda keçirilən prezident seçkiləri dünya üçün də önəmlidir"

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində yüksək seçici fəallığı qeydə alınır.

Son.az xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar bildirib.

N.Ünüvar qeyd edib: "Səhər saatlarında etibarən seçkiləri müşahidə edirik və Bakıda müxtəlif seçki məntəqələrində olduq. Seçki prosesində hər hansı çətinliyə, neqativ hala rast gəlmədik".

Millət vəkili deyib ki, seçkilərdə qadın seçicilərin aktiv iştirakı xüsusilə nəzərəçarpan məqamlardan biri olub:

"Azərbaycan çox önəmli bir seçim edir və bu seçimlər sadəcə Azərbaycan üçün deyil, eyni zamanda, bölgə üçün də çox əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Azərbaycanda keçirilən prezident seçkiləri dünya üçün də önəmlidir, çünki bu gün Azərbaycan sadəcə regional əhəmiyyətli deyil, həmçinin dünya əhəmiyyətli layihələr həyata keçirir".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 15:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 60,74 faizi, yəni 3 227 817 seçici səs verib.