MDB PA müşahidə missiyasının rəhbəri: "Prezident seçkilərində yüksək fəallığı proqnozlaşdırmaq olar"


Siyasət 11 Apr 2018 16:40:00 320 0

MDB PA müşahidə missiyasının rəhbəri: "Prezident seçkilərində yüksək fəallığı proqnozlaşdırmaq olar"

İlkin müşahidələrə əsasən prezident seçkilərində yüksək fəallığa ümid etmək olar.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə MDB Parlamentlərarası Assambleyasının (PA) Rusiya nümayəndə heyətinin rəhbəri İlyas Umaxanov deyib.

İ.Umaxanov bildirib: "Biz səhər saatlarından seçki məntəqələrinin açılmasında iştirak etmişik. Artıq səhər saat səkkizə yaxın böyük növbələr yaranırdı. Ümid etmək olar ki, seçkilərin yekununda yüksək fəallıq olacaq. Hələlik biz Bakı ilə bağlı mülahizə yürüdə bilərik, regionlar haqqında hələlik məlumat yoxdur".

Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafından danışan İ.Umaxanov əmin olduğunu bildirib ki, səmərəli əməkdaşlıq seçkilərdən sonra da davam etdiriləcək.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 15:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 60,74 faizi, yəni 3 227 817 seçici səs verib.

Mill.Az