Səməd Seyidov: "Azərbaycanda prezident seçkiləri sakit və müsbət müstəvidə keçir"


Digərləri 11 Apr 2018 16:10:00 290 0

Səməd Seyidov: "Azərbaycanda prezident seçkiləri sakit və müsbət müstəvidə keçir"

Azərbaycanda prezident seçkiləri sakit və müsbət müstəvidə keçir.

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

O bildirib: "Hakim partiyadan müşahidəçi qismində mən Xətaidə dörd saylı seçki dairəsinin əksər seçki məntəqələrində olmuşam. Müsbət mühit qeydə alınır ki, bunu həm də xarici müşahidəçilər təsdiq edir. İnsanlar öz gələcəyi üçün səs verir və mən əminəm ki, yekun seçim Azərbaycan xalqının xeyrinə olacaq".

S.Seyidov qeyd edib ki, Azərbaycanda indi dünyanın bir çox bölgələrindən fərqli olaraq sabit vəziyyət qorunub saxlanır.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 15:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 60,74 faizi, yəni 3 227 817 seçici səs verib.