Moldovalı deputat: Azərbaycanda bütün yaşda olan seçicilərin səs verməsi üçün şərait yaradılıb


Digərləri 11 Apr 2018 15:56:00 216 0

Moldovalı deputat: Azərbaycanda bütün yaşda olan seçicilərin səs verməsi üçün şərait yaradılıb

Hazırda Azərbaycanda prezident seçkilərində heç bir pozuntu qeydə alınmayıb.

Bakı. Firəngiz Ağalarova - Hazırda Azərbaycanda prezident seçkilərində heç bir pozuntu qeydə alınmayıb. Bunu Trend-ə Moldova parlamentinin Beynəlxalq münasibətlər komitəsinin sədri Violeta İvanov deyib. O, artıq bir neçə seçki məntəqəsində olduqlarını bildirib: "Baş çəkdiyimiz bütün seçki məntəqələrində yüksək səviyyəli təşkilatçılığı qeyd etmək istərdim. Biz hər hansı pozuntu ilə rastlaşmamışıq. Hər şey çox sakit keçir. Burada həm yaşlı insanlar, həm də gənclər üçün şərait yaradılıb". Deputat yüksək seçici fəallığına da toxunub: "Səhər saat 10-a bir çox seçki məntəqələrində seçici iştirakının 20 faizi ötməsi ondan xəbər verir ki, xalq həqiqətən də səs verərək öz gələcəyini seçmək istəyir". V.İvanovun sözlərinə görə, bu, gənclərin dövlətin inkişafı məsələsinə maraq göstərdiyini və Azərbaycanın inkişafının gələcəkdə də yüksək səviyyədə davam etməsi üçün mümkün olan hər şeyi etdiyini göstərir. O qeyd edib ki, seçki məntəqələrində bütün işlər sakit və nizam-intizamla aparılır: "Demək olar ki, insanlarda bayram ab-havası var. Biz demokratik dəyərlərin təzahür etdiyini hiss etdik. Mən Azərbaycan xalqına çiçəklənmə, uğurlar arzulayıram". Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir. Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir. Saat 15:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 60,74 faizi, yəni 3 227 817 seçici səs verib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin