Türkiyədə yaşayan azərbaycanlılar səfirlikdə və konsulluqda səs verir


Siyasət 11 Apr 2018 14:41:00 195 0

Türkiyədə yaşayan azərbaycanlılar səfirlikdə və konsulluqda səs verir

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar Ankara şəhərindəki səfirliyimizdə fəaliyyət göstərən 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 30 saylı seçki məntəqəsində səsvermə davam edir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, seçki məntəqəsi Türkiyə vaxtı ilə saat 8.00-da açılıb. Məntəqənin girişində seçicilərin siyahısı asılıb və şəffaf seçki qutusu qoyulub.

Türkiyə paytaxtında yaşayan, təhsil alan və işləyən, habelə xidməti ezamiyyətdə olan Azərbaycan vətəndaşları məntəqəyə gələrək öz seçimlərini edirlər.

Səsvermə yerli vaxtla saat 19.00-da başa çatacaq.

Prezident seçkiləri ilə əlaqədar ölkəmizin İstanbul şəhərindəki baş konsulluğunda da fəaliyyət göstərən 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 53 saylı məntəqədə səsvermə keçirilir.

Məntəqə Mərkəzi Seçki Komissiyasının tələblərinə uyğun qurulub. Məntəqənin girişində seçicilərin siyahısı asılıb. Burada seçicilərin öz siyasi iradələrini azad və demokratik şəraitdə ifadə etmələri üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.