29 saylı Səbail seçki dairəsinin məntəqələrinə seçici axını davam edir FOTO


Siyasət 11 Apr 2018 12:24:00 287 0

29 saylı Səbail seçki dairəsinin məntəqələrinə seçici axını davam edir  FOTO

Bakıdakı 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində seçicilərin yüksək fəallığı müşahidə olunur.

Dairə seçki komissiyasının sədri Cahangir Məmmədov AZƏRTAC-a bildirib ki, 38 min 782 seçicinin qeydiyyatda olduğu 29 saylı Səbail seçki dairəsinin ərazisində 30 daimi seçki məntəqəsi, həmçinin BP şirkətinin platformalarında, müxtəlif xəstəxanalarda, iki hərbi hissədə olmaqla, ümumilikdə, 8 müvəqqəti məntəqə fəaliyyət göstərir. Seçki dairəsinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqələr də var. Seçki məntəqələri bütün zəruri texniki avadanlıqlar, ləvazimatlar və məlumat kitabçaları ilə tam təchiz olunub.

Dairənin ərazisində mövcud olan seçki məntəqələrində seçkilər demokratik və şəffaf şəraitdə davam edir. Seçki məntəqələrində seçicilərin öz istədikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılıb. Seçicilərə məntəqələrdə səsvermə ilə əlaqədar bülletenlər təqdim olunur.

Şəffaflığın təmin olunması məqsədilə dairə ərazisindəki məntəqələrin 12-də veb-kameralar quraşdırılıb. 29 saylı Səbail seçki dairəsində müşahidəçilərin internetdən veb-kameraların vasitəsilə məntəqələri izləməsi mümkündür. Bütün məntəqələr Mərkəzi Seçki Komissiyası tərəfindən avadanlıq və təbliğat-təşviqat materialları ilə təmin olunub. Hər bir məntəqədə seçicilərin dəqiqləşdirilmiş siyahısı asılıb.

Məntəqələrdə seçkilərin tam şəffaf, azad, ədalətli, demokratik və qanun çərçivəsində keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait mövcuddur.

Yerli və beynəlxalq müşahidəçilər, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri məntəqə seçki komissiyalarında seçki prosesinin gedişini izləyirlər. Qanunvericiliyə əsasən səsvermə ilə bağlı məlumatların və onun nəticələrinin ictimaiyyətə çatdırılması üçün yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri seçkiləri fəal və sərbəst işıqlandırırlar. Məntəqələrin çıxışında isə "exit-poll" keçirilir.

29 saylı Səbail seçki dairəsinin 132-134 nömrəli təhsil kompleksində yaradılan 4, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 7, Dənizçilərin Mədəniyyət Evinin binasında yerləşən 3, eləcə də 6 saylı məktəbdə 6 saylı seçki məntəqələrində seçicilərin fəallığı daha çox müşahidə olunur.

Qeyd edək ki, mart ayında bu dairə üzrə məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici treninqlər, fevralda isə Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqla bağlı seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilmişdi.


Xəbərə aid fotolar