Cəbhə kəndinin sakinləri səsvermədə fəal iştirak edirlər FOTO


Siyasət 11 Apr 2018 12:03:00 270 0

Cəbhə kəndinin sakinləri səsvermədə fəal iştirak edirlər  FOTO

Ağdam rayonunda prezident seçkiləri seçicilərin fəallığı ilə başlayıb.

Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri cəbhə xəttində yerləşən Əhmədağalı kənd tam orta məktəbinin binasındakı 19 saylı seçki məntəqəsində səsvermə prosesini müşahidə edib. Əvvəlcə seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8.00-da isə səsvermənin başlanması elan olunub.

Səhər saatlarından məntəqəyə üz tutan seçicilər öz konstitusion hüquqlarından istifadə edirlər. Seçki məntəqəsində ilk səs verən Əhmədağalı kənd sakini Firdovsi Əsədov yaradılan şəraitdən razılığını bildirərək deyib: "Prezident seçkiləri çox mühüm ictimai-siyasi hadisədir. Mən də bir vətəndaş kimi ölkəmiz üçün əhəmiyyətli olan səsvermədə iştirak etdim. Seçkilər azad və şəffaf keçirilir. Məntəqədə seçicilər üçün yaradılan şəraitdən razıyam".

Digər seçici şəhid atası Qurban Məhərov isə deyib: "79 yaşım var. Sovet dövründə də çox seçkilər görmüşəm. İndi əhali seçkilərdə daha fəal və sərbəst iştirak edir. Yaşımın çox olmasına baxmayaraq, mən də səsvermədə iştirak edib, istədiyim namizədə səs verdim. Ölkəmiz üçün uğurlu olsun".

Məntəqəyə gələnlərin içərisində gənclər üstünlük təşkil edirdi. İlk dəfə olaraq seçki hüququndan istifadə edən Könül Hüseynli fikirlərini belə ifadə edib: "Səsvermədə ilk dəfədir iştirak edirəm. Bunun üçün çox sevinirəm. Bundan sonra da ölkəmizdə keçiriləcək seçkilərdə fəal iştirak edəcəm".

Səsvermənin gedişini izləyən müşahidəçılər Səyavuş Şükürov və Xaləddin Rüstəmov seçkilərin yüksək səviyyədə keçirildiyini və hələlik heç bir qanun pozuntusuna rast gəlmədiklərini deyiblər.

Məntəqə seçki komissiyasının sədri Şərif Əliyev bildirib ki, məntəqə üzrə 885 seçici qeydə alınıb. Onlardan 4 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək gənclərdir.


Xəbərə aid fotolar