Roma 34, Liverpool 10 il sonra


İdman 11 Apr 2018 10:21:00 244 0

Roma 34, Liverpool 10 il sonra

İtaliyanın Roma klubu 34 ildən sonra ilk dəfə hazırda Çempionlar Liqası adlanan Avropanın ən nüfuzlu klub turnirinin yarımfinalına yüksəlib.

Goal.az xəbər verir ki, paytaxt təmsilçisi buna 1/4 finalda İspaniya Barcelona-sını üstələməklə nail olub. Səfər matçında 1:4 hesabı ilə uduzmasına baxmayaraq, "canavarlar" evdə qələbəyə nail olublar - 3:0. Nəticədə Roma səfər qolu sayəsində mərhələ adlayıb. "Sarı-qırmızılar" sonuncu dəfə yarımfinala Çempionlar Kubokunda 1983-1984 mövsümündə yüksəliblər. Həmin vaxt bu komanda Şotlandiya -Dandy United-ini iki oyunun yekununda üstələyib - 0:2, 3:0. Lakin finalda "canavarlar"ın qarşısını İngiltərə Liverpool-u kəsib - 1:1 (penaltilərlə - 2:4).

Roma Çempionlar Liqasında 3 və daha çox top fərqini aradan qaldırmağı bacaran 3-cü komanda olub. 

Barselona tarixində ilk dəfə birinci oyunu 3 və daha çox top fərqi ilə başa vurduğu halda, təkrar qarşılaşmada uduzaraq, avrokuboklarla vidalaşıb.

Liverpool isə 10 ildən sonra Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıb. "Qırmızılar" turnirin favoriti kimi göstərilən Manchester City-ni evdə 3:0, səfərdə isə 2:1 hesabı ilə yeniblər. 2007-2008 mövsümündə isə bu klub İngiltərənin daha bir təmsilçisi Arsenal-ı üstələmiş (1:1, 4:2), yarımfinalda Chelsea-yə uduzmuşdu - 1:1, 2:3. Liverpool bir mövsüm ərzində Xosep Qvardiolanın rəhbərlik etdiyi kollektivi üç dəfə yenməyi bacaran ilk klub olub. Ötən həftə ilk görüşdə Manchester City-ni 3:0 hesabı ilə məğlub edən Yurgen Kloppun komandası İngiltərə Premyer Liqasının II dövrəsində isə 4:3 hesabı ilə qalib gəlib.