Dondurmadan da keçə bilən xəstəlik


Digərləri 11 Apr 2018 08:59:00 272 0

Dondurmadan da keçə bilən xəstəlik

Ekspertlər deyir ki, bu işə baytarlıq idarələri ciddi nəzarət etməlidir

Ekspertlər deyir ki, bu işə baytarlıq idarələri ciddi nəzarət etməlidir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Süd və süd məhsulları təxminən 6 milyard insanın qidasının ən önəmli hissəsini təşkil edir. Dünyada hər il 730 milyon ton süd və süd məhsulları istehsal edilir. Süddən yoqurt, qatıq, pendir, qaymaq və s. kimi məhsullar istehsal edilir. Hələ 4000 il bundan əvvəl süd və süd məhsulları qədim insanlar tərəfindən istehlak edilmişdir. Süd məhsullarının insan orqanizminə və sağlamlığına çox böyük faydası var. Amma təəssüf ki, sağlamlıq üçün bu qədər faydalı olan qida bəzi infeksion xəstəliklərin daşıyıcısına da çevrilə bilir. Belə ki, hər kəsin məlumatlı olduğu brusellyoz xəstəliyi demək olar ki, elə məhz süd və süd məhsullarından keçir. Düzgün pasterizə edilməmiş süd və ondan hazırlanmış pendir məhsullarının insan tərəfindən istehlakı sağlamlığa ciddi təhlükə yaradan brusella bakteriyası ilə yoluxma hallarının artmasına səbəb olur. Brusellyoz xəstəliyini ilk dəfə 1887-ci ildə David Bruce xəstə əsgərlərin müayinəsi zamanı müəyyən etmişdir. Bu xəstəlik insanlarda ciddi bədən ağrılarına, hərarətin yüksəlməsinə, iştahasızlığa səbəb olur. Ağır formalarda isə hətta ölümlə nəticələnir. Brusellyoz xəstəliyinin müalicəsi zamanı yalnız antibiotiklərdən istifadə edilir.  

Məsələnin ciddiliyini nəzərə alan Qida Təhlükəsizliyi Agentliyi maarifləndirmə xarakterli məlumat yayıb. Məlumatda bildirilir ki, süd və süd məhsullarının insan sağlamlığına təhlükə törətmədən istehlak edilməsi çox vacibdir. Bu cür məhsulların bir sıra zərərli və xəstəlik törədən bakteriyalar, göbələklər, o cümlədən onların toksinləri, yəni zəhərləri ilə tez-tez çirklənməsi müşahidə edilir. Adətən, zərərli mikroorqanizmlər süd və süd məhsullarını xəstə heyvandan, sanitar vəziyyəti pis olan ərazidən, o cümlədən istehsal zamanı texnoloji proseslərə düzgün əməl edilməməsi, xəstələnmiş insanın istehsal prosesində iştirak etməsi nəticəsində çirkləndirə bilərlər.

Bundan əlavə, istehlakçıların süd və süd məhsullarını lazımi şəraitdə və temperaturda saxlamaması süd məhsullarının korlanmasına, bakterial çirklənməsinə və insan sağlamlığında ciddi fəsadlara yol açmasına səbəb ola bilər.

Brusella bakteriyası xam südün düzgün temperaturda emal edilməməsi nəticəsində sağ qalır və həmin süddən istehsal edilən məhsulları bakterial çirkləndirərək insanın brusellyoz xəstəliyinə yoluxmasına səbəb olur. O cümlədən brusellyoz xəstəliyinin insanlara keçməsinin qarşısını almaq məqsədilə mal-qaranın vaxtında vaksin olunması vacibdir. Vaksinasiya edilmiş heyvanın südünə Brusella bakteriyasının keçməsi ehtimalı çox azdır.