Sədəqə və dua ilə bəlaları özümüzdən uzaqlaşdıraq


Digərləri 10 Apr 2018 22:20:00 315 0

Sədəqə və dua ilə bəlaları özümüzdən uzaqlaşdıraq

Şəhid Mütəhhəri yazır: "Müsibətlər o zaman nemət olar ki, insan ondan bəhrələnər. Səbir və dözüm ilə ruhuna kamal bəxş edər. Ancaq əgər insan çətinliklər qarşısında qaçmağı seçərsə, nalə çəkərsə, bu zaman bəla həqiqətən onun üçün bəla olar".

Ayətullahul-üzma Məkarim Şirazı bu haqda buyurur: "Mümkündür ki, bəziləri Quranın bu həqiqətindən "Müsibətlər İlahi iradə ilədir" sui-istifadə etsinlər. Nə zaman müsibətlər ətəyindən yapışsa, açıq qucaqla onu qarşılayarlar. Deyərlər: "Gərək hər cür xoşagəlməz hadisələr qarşısında təlsim olaq. Quranın bu ayəsindən yanlış nəticə çıxardarlar. Bu, çox təhlükəlidir. Quran heç bir zaman demir: Müsibətlər qarşısında təlsim ol. Onları aradan qaldırmaq üçün çalışma. Zülmlərə, xəstəliklərə təslim ol. Bəlkə deyir: Əgər bütün səy və çalışmanla yanaşı, çətinliklər yenə də sənə hakim olursa, bil ki, günah etmisən və kəffarəsi ətəyini tutmuşdur. Keçmiş əməllərini düşün. Günahlarına görə tövbə et. Özünü tərbiyə et və zəiflərini islah et".

Son.az deyerler.org-a istinadən bildirir ki, insan gərək zalım tərəfindən ona çatan zülmə təslim olmasın. Əslində bununla mübarizə aparsın. Zillət altına düşməsin. "Və onlara (cəmiyyətlərinə və ya dini hədəflərinə) zülm olunduqda bir-birlərindən kömək istəyən və bir-birlərinə kömək edən (və düşməndən intiqam alan) kəslər (üçün). Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir)". ("Şura" 39-40).

Allah peyğəmbərlərinə tövsiyə edir ki, müsibətlər qarşısında səbirli olsunlar. "Beləliklə onlar edilən təkzib və əziyyət müqabilində səbir etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi". ("Ənam" 34).

Hər bir insan müsibətlərə səbir etməklə yanaşı, Allahdan yardım və kömək diləməlidir. Yalnız Allaha əl açmalıdır. "Və əgər Allah (yaradılış aləminin tələbinə uyğun olaraq, yaxud şəriətlə müəyyənləşdirdiyi cəzaya görə) sənə (xəstəlik, yoxsulluq, ziddiyyət və müharibədə məğlubiyyət kimi) bir ziyan yetirsə, onu Ondan başqa aradan qaldıran olmaz və əgər sənin üçün bir yaxşılıq istəsə, Onun fəzlini əsla dəf edən olmaz. O, Öz xeyrini bəndələrindən istədiyinə yetirər. O çox bağışlayan və mehribandır". ("Yunus" 107).

İmam Əli (ə) bu haqda buyurur: "Nə zaman insanlar bəla nazil olan zaman sadiq niyyətlə Allah dərgahında yalvararlarsa, Allahın mehri ilə dolu olan qəlblə Ondan aradan qaldırmasını istəyərlərsə, şübhəsiz ki, o şey ki, əllərindən getmişdir, onlara qaytarılacaqdır. Hər cür fəsadı onlar üçün islah edəcəkdir".