"Müntəzəm oynamasan belə, "Bavariya"nın təklifindən imtina etmək olmaz" - MÜSAHİBƏ


İdman 10 Apr 2018 19:21:00 306 0

"Müntəzəm oynamasan belə, "Bavariya"nın təklifindən imtina etmək olmaz" - MÜSAHİBƏ

"Bayern Munchen"un qapıçısı Sven Ulrayx bir sıra sualları cavablandırıb. Goal.az müsahibəni təqdim edir.

- Klassik sualdan başlayaq. Necə qapıçı oldunuz?

- Düzü, bu qərar ailə səbəblərindən qəbul edilmişdi. Atam və əmim oğlu qapıçı idi. Onlara oxşamağa çalışırdım. Karyerama meydan futbolçusu kimi başlamışdım. Amma tezliklə qapıya keçdim və orda qaldım.

- Qapıçı mövqeyini seçməyinizə görə sevinirsiz?

- Bəli. Bəzən hücumda oynamaq lazım olduğunu da düşünmüşəm. Xüsusən çox qol buraxdığım oyunlardan sonra. Amma ümumilikdə qapıçı olmağıma peşman deyiləm.

- 2015-ci ildə "Bayern Munchen"ə niyə keçdiniz?

- Dəyişiklik istədim. Yüksək dəstədə qalmaq uğrunda bir neçə il mübarizə apardıqdan sonra "Stuttgart"dan getmək qərarına gəldim. Doğma şəhəri tərk edib yeni sınaq axtardım. Sonra Almaniya və Avropanın aparıcı klublarından olan "Bavariya"dan təklif aldım. Müntəzəm meydana çıxmasan belə, bu klubun təklifindən imtina etmək olmaz.

- Almaniyada Manuel Noyerin sayəsində qapıçı son müdafiəçiyə çevrildi. Lakin deyilənə görə, bu ideya "Stuttgart"da varmış və sizə bunu uşaq yaşlarından öyrədiblər...

- Hesab edirəm ki, 1987-88-ci ildən olan nəsil əvvəlkilərdən fərqli oyun fəlsəfəsinə malikdir. Manuel də onlardan biridir. O, ayaqla yaxşı oynadığından bu ideyanın həyata keçirilməsində böyük pay sahibidir. Amma "Stuttgart"da qapıçının ayaqla oynamaq qabiliyyətinə həmişə fikir verilirdi. Bu baxımdan Noyerin misli-bərabəri yoxdur.

- Noyerin komandasına keçəndə tez-tez meydana çıxmaq ehtimalının olmadığını nəzərə alırsan. Həftələrlə ehtiyatda qalanda nə hiss edirdiniz?

- Təbii ki, "Bayern"ə keçənə qədər oynamaq istəyirdim. Amma nəyə imza atdığımı bilirdim. Ona görə məsələyə normal yanaşırdım. Məşqlərdə inkişaf etmək, dünya səviyyəli futbolçularla çalışmaq imkanı qazanmışdım. Böyük komandanın üzvü olmaq həmişə xoşdur. Əlbəttə, müntəzəm oynamaq, öyrəndiklərini nümayiş etdirmək ikiqat sevindiricidir.

- Manuel Noyerlə münasibətiniz necədir?

- Çox yaxşı. Kluba gəldiyim ilk gündən gözəl yola gedirik. Məqşlərdə bəzi şeyləri müzakirə edirik, dostluğumuz var. Bir-birimizə irad və təkliflərimizi deyirik. Aramızda problem olmayıb.

- Noyer zədəli olduğu bir vaxtda komandada statusunuz artıb?

- Elədir, indi vəziyyət başqadır. Bu mövsüm 1 nömrə mənəm və dəiqqət mərkəzindəyəm. Çalışıram ki, komandanın uğur qazanmasında əlimdən gələni edim. Ehtiyat qapıçı olmayanda oyuna baxışı dəyişmək lazımdır. Fikrimcə, bu, məndə pis alınmadı.

- Çempionlar Liqasının 1/4 final mərhələsində "Sevilla" ilə qarşılaşacaqsınız. Rəqib barədə nə deyə bilərsiz?

- Onlar hansı səviyyədə olduqlarını göstəriblər. "Sevilla" bacarıqla pressinq edir, baxımlı oynaya bilir. rəqibin heyətində sürətli futbolçular var.