Lina Vaytkyaviçene: Azərbaycan həqiqətən də Qərb və Şərq dəyərlərinin dinc şəkildə mövcud olduğu multikulturalizm ölkəsidir


Digərləri 10 Apr 2018 18:25:00 211 0

Lina Vaytkyaviçene: Azərbaycan həqiqətən də Qərb və Şərq dəyərlərinin dinc şəkildə mövcud olduğu multikulturalizm ölkəsidir

"Azərbaycan möhtəşəm ölkədir və mən bu ölkədə olmağımdan məmnunam".

Bakı. "Azərbaycan möhtəşəm ölkədir və mən bu ölkədə olmağımdan məmnunam". Bunu TREND İnformasiya Agentliyinin baş direktorunun müavini Lina Vaytkyaviçene 11 aprel prezident seçkilərini işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlərlə görüşdə deyib. Xanım L.Vaytkyaviçene qeyd edib: “Təqdimatımın əsas hissəsinə keçməzdən əvvəl qeyd etmək istərdim ki, mən və ailəm Litvadan gəlmişik. Biz Azərbaycanda olmaqdan məmnunuq və özümüzü burada çox rahat hiss edirik. Bura təhlükəsizdir, milli və dini zəmində heç bir qərəzlilik yoxdur. Azərbaycan həqiqətən də multikulturalizm ölkəsidir və burada demokratik prinsiplər üstünlük təşkil edir, Qərb və Şərq dəyərləri isə dinc şəkildə yaşayır və bir-birini tamamlayır. Bura həqiqətən də çox gözəl ölkədir. Mənim buraya gələn dostlarım Azərbaycanın böyük inkişafı barədə eşitdiklərini, amma bu cür gözəlliklə qarşılaşacaqlarını gözləmədiklərini deyirlər. Ümid edirəm, sizin də bu ölkəni görmək və ləziz Azərbaycan mətbəxinin dadına baxmaq imkanınız olacaq”. L.Vaytkyaviçene qonaqları Agentliyin fəaliyyət istiqamətləri barədə də məlumatlandırıb. O bildirib ki, Azərbaycanda xəbərlərinə bütün dünyada ehtiyac duyulan miqyasda belə bir medianın olmasından heyrətlənmişdi: "TREND Azərbaycanın KİV sahəsində mühüm nailiyyətidir. Digər transmilli kütləvi informasiya vasitələri ilə yanaşı, TREND İnformasiya Agentliyi də mötəbər KİV-lərin xəbərlərini eyni ünvanda toplayıb yayan bütün nüfuzlu beynəlxalq xəbər aqreqatorlarına informasiya materiallarının tədarükünə nail olub. Bu isə öz-özlüyündə postsovet ölkələrinin mediası üçün unikal nailiyyətdir”.