“AzerGold” QSC geoloji-kəşfiyyat və tədqiqat işlərini davam etdirməkdədir (FOTO)


Digərləri 10 Apr 2018 12:55:17 301 0

“AzerGold” QSC geoloji-kəşfiyyat və tədqiqat işlərini davam etdirməkdədir (FOTO)

“AzerGold” QSC fəaliyyət göstərdiyi son iki ildə Daşkəsən rayonunda yerləşən Çovdar qızıl mədənində hasilatın bərpası, qiymətli metalların ixracı və satışının təşkili, həmçinin istehsalat proseslərinin optimallaşdırılması işlərini uğurla başa çatdırıb.

Bakı. “AzerGold” QSC fəaliyyət göstərdiyi son iki ildə Daşkəsən rayonunda yerləşən Çovdar qızıl mədənində hasilatın bərpası, qiymətli metalların ixracı və satışının təşkili, həmçinin istehsalat proseslərinin optimallaşdırılması işlərini uğurla başa çatdırıb. Nəticədə “AzerGold” QSC əlvan metalların hasilatını əhəmiyyətli dərəcədə artıraraq qeyri-neft ixracının genişlənməsinə önəmli töhfəsini verib. Şirkətdən Trend-ə verilən məlumata görə, ölkə başçısının tapşırığı və Azərbaycan hökumətinin həyata keçirdiyi siyasi kursa uyğun olaraq “AzerGold” QSC-nin hədəfi yaxın gələcəkdə bır sıra mədənləri istismara verməklə dağ-mədən sənayesinin kompleks inkişafı, qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və ölkəyə valyuta axınının təmin edilməsi, regionların inkişafına dəstək, yeni iş yerlərinin açılması və bununla da əhalinin sosial rifahının yüksəldilməsidir. Bu məqsədlə Cəmiyyət geoloji-kəşfiyyat və tədqiqat işlərini davam etdirməkdədir. Hazırda “AzerGold” QSC tərəfindən bir sıra yataq və perspektivli ərazilər üzrə kəşfiyyat işləri aparılır. Görülən işlərin məqsədi yeni əlvan metal yataqlarının kəşf edilməsi ilə yanaşı, məlum yataqların resurs və ehtiyatlarının artırılması, hesablanması və təsdiqlənməsidir. Oksid (yerüstü) mərhələsi çərçivəsində istismarı davam edən Çovdar mədəninin növbəti mərhələsi olan sulfid (yeraltı) mərhələsi çərçivəsində qızıl, gümüş və mis ehtiyatlarının qiymətləndirilməsi üçün buruq-qazma işləri qrafik üzrə davam etdirilir. Qeyd edək ki, sulfid fazası çərçivəsində metallurji testlər aparılacaq, laborator analizlərin nəticələri təhlil ediləcək. Bu mərhələ üçün yekun texniki-iqtisadi əsaslandırma sənədinin xarici məsləhətçi şirkət tərəfindən cari ilin sonunda hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, Çovdar mədəninin yaxın və uzaq cinahlarında çöl sınaqlaşdırma işləri həyata keçirilir, perspektivli ərazilər üzrə geofiziki tədqiqatlar aparılır. Məhz bu tədqiqatlar sayəsində cari ildə Çovdar yatağından 5-7 kilometr məsafədə yerləşən Ağyoxuş perspektivli qızıl sahəsi aşkarlanmış, ərazidə kompleks geoloji tədqiqat işləri başlanılıb.