İnvestisiya təşviqi proqramı çərçivəsində 17 min yeni daimi iş yeri yaradılacaq


Sosial 10 Apr 2018 02:08:32 262 0

İnvestisiya təşviqi proqramı çərçivəsində 17 min yeni daimi iş yeri yaradılacaq

Bu layihələrə qoyulacaq və artıq qoyulmaqda olan sərmayənin həcmi 2,3 milyard manatdır

"Biz bu yaxınlarda investisiya təşviqi mexanizminin tətbiqinə start vermişik və qısa müddət ərzində çox gözəl nəticələr əldə edilib. Təkcə bu ilin birinci rübündə 28 investisiya təşviqi sənədi və bu günə qədər cəmi 257 investisiya təşviqi sənədi verilib, 229 sahibkar bu imkanlardan faydalanıb".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

Prezident bu layihələrə 2,3 milyard manat həcmində sərmayə qoyulduğunu və ya qoyulacağını bildirib:

"Bu layihələrə qoyulacaq və artıq qoyulmaqda olan sərmayənin həcmi 2,3 milyard manatdır. Baxın, əgər biz investisiya təşviqi mexanizmini işə salmasaydıq, bu vəsait ölkə iqtisadiyyatına qoyulmayacaqdı. Bu vəsait qoyulur, bu, böyük vəsaitdir və ilkin hesablamalara görə, təkcə bu proqram çərçivəsində 17 min yeni daimi iş yeri yaradılacaq. Görün nə qədər əlavə məhsul istehsal ediləcək və bu məhsul rəqabətqabiliyyətli məhsul olacaqdır. Çünki bütün bu məsələlərə dövlət qurumları çox diqqətlə yanaşırlar. Əminəm ki, bu məhsulun böyük hissəsi ixracyönümlü məhsul olacaqdır. Ona görə, bax, bir istiqamətdə aparılan islahat görün nə qədər böyük xeyir verir. Ona görə, mən deyəndə ki, islahatlar dərinləşməlidir, bu, sadəcə olaraq, söz deyil, bunun arxasında çox ciddi proqramlar dayanır. İnvestisiya təşviqi, ixracın təşviqi mexanizmləri artıq işə düşüb və sahibkarlar bundan da faydalanırlar. Biz dünyada mövcud olan ən mütərəqqi praktikanı Azərbaycana gətirməliyik, sınaqdan keçirməliyik və tətbiq etməliyik".