"Biz onları dövlətimizə qarşı çirkin oyundan çəkinməyə çağırırıq"


Siyasət 09 Apr 2018 23:14:00 411 0

"Biz onları dövlətimizə qarşı çirkin oyundan çəkinməyə çağırırıq"

"Bu gün Avropada, xüsusilə Fransada yaşayan azərbaycanlılar tarixi vətəni Azərbaycanda baş verən hər bir hadisəni həyəcanla izləyir və dəstəkləyir. Bununla yanaşı xaricdən vətənimiz Azərbaycana qarşı hər hansı bir çirkin cəhdi və təxribatı qətiyyətlə pisləyirik".

Son.az xəbər verir ki, bunu APA-ya Fransada Paris Azərbaycan Evinin sədri, Avropa Azərbaycanlıları Konqresinin İdarə heyətinin üzvü Mirvari Fətəliyeva bildirib.

O qeyd edib ki, Fransada yaşayan azərbaycanlılar 100 il əvvəl bura Sovet işğalından mühacir etmiş Cümhuriyyət qurucularımız kimi Azərbaycan dəyərlərinin, milli xüsusiyyətlərinin, əsasən  həqiqətlərinin təbliğində fəaldırlar: "Azərbaycan müstəqil olduqdan sonra ciddi inkişaf yoluna qədəm qoyub və regionda aparıcı ölkədir. Xaricdə yaşayıb ürəyi vətən eşqi ilə döyünən hər bir azərbaycanlı ancaq bundan qürur duymalıdır. Biz, Fransada yaşayan azərbaycanlılar, bu gün Azərbaycan dövlətinin apardığı xarici siyasətin ətrafında sıx birləşərək yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən hələ də işğalı davam edən torpaqlarımız ilə bağlı həqiqətlərin yayılmasında daha da fəal olmalıyıq. Xaricdə yaşayan əsl azərbaycanlıların tək istəyi bu olmalıdır və budur. Buna görə də biz xaricdə yaşayan azərbaycanlılar informasiya əsrində daha diqqətli, daha operativ olaraq tarixi vətənimiz Azərbaycan dövlətinə bir diaspor kimi var gücümüzlə həmrəyliyimizi əsirgəməməliyik. Bu gün güclü, müstəqil Azərbaycan dövləti nəinki ölkədə yaşayan azərbaycanlılar, o cümlədən xaricdə yaşayana azərbaycanlılar üçün də bir əsas dayaq nöqtəsidir. Buna görə də biz xaricdən bunu həzm edə bilməyən. müxtəlif bəzi hallarda da içimizdən olan xainlərin vasitəsi təhqir və qarayaxma kampaniyası aparan dairələrə bildirmək istəyirik ki, güclü Azərbaycan dövlətinin xaricdə də güclü diasporu var və istəklərinə çata bilməyəcəklər".

Diaspor rəhbəri bildirib ki, hər kəs fərqli düşüncə və əqidə sahibi ola bilər, amma bu ümummilli məsələlərdə, xüsusilə Azərbaycan dövlətinin xaricdəki imici mövzusunda heç kimə buna qarşı çıxmağa əsas vermir: "Bu gün fikirlərini müxalifət adı altında söyüş və təhqirlərlə bildirənlər, gələcəkdə Azərbaycan qarşısında bəlkə də özlərinin də bağışlaya bilməyəcəyi ən səhv yoldadırlar. Biz onları vətənə qarşı bu çirkin oyundan çəkinməyə çağırırıq".