Baba Rzayev: ""Ağ Şəhər" layihəsi üzrə enerji təminatı ilə bağlı işlərin 60 faizi yekunlaşıb"


Digərləri 09 Apr 2018 22:34:00 261 0

Baba Rzayev: ""Ağ Şəhər" layihəsi üzrə enerji təminatı ilə bağlı işlərin 60 faizi yekunlaşıb"

"Ağ Şəhər" layihəsi üzrə enerji təminatı ilə bağlı işlərin 60 faizi yekunlaşıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev deyib.

B.Rzayev qeyd edib ki, aparılan islahatlar nəticəsində iqtisadiyyatımızın bütün sahələrində olduğu kimi, elektroenergetikanın sürətli inkişafı təmin edilib, yeni tikilən müasir tipli elektrik stansiyaları hesabına generasiya gücləri 2400 MVt-a qədər artırılaraq 6400 MVt-a çatdırılıb. Nəticədə ölkəmiz daxili enerji tələbatını ödəməklə yanaşı, elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.

O bildirib ki, dövlət başçısının energetika sahəsində müəyyən etdiyi uğurlu strategiyanın davamı olaraq yaradılmış "Azərişıq" tərəfindən "Paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması və inkişaf etdirilməsi məqsədilə 2016-2025-ci illər üzrə Master Plan" hazırlanaraq təsdiqlənib və icrası uğurla davam etdirilir:

"Ötən illər ərzində 44 ədəd 110 kV-luq, 167 ədəd 35 kV-luq yarımstansiyalar və 5 mindən çox transformator məntəqəsi inşa olunub, 54 min kilometr hava və kabel xətti çəkilib, 1 milyon 600 mindən artıq müasir tipli elektron sayğaclar quraşdırılıb. Görülmüş tədbirlər nəticəsində regional şəbəkələrdə xroniki hal almış ifrat yüklənmələr, qəza açılmaları minimuma endirilib, şəbəkələrin güc qəbuletmə qabiliyyəti iki dəfədən çox artırılıb, istehlakçıların, xüsusən də meqalayihələrin və mötəbər beynəlxalq tədbirlərin stabil enerji təchizatı təmin olunub".

ASC sədri bildirib ki, texniki itkilər Bakı şəhəri üzrə 7,8 faizə, regionlar üzrə 11,4 faizə, endirilməklə, "Azərişıq" üzrə 9,6 faiz təşkil edib: "Enerji haqlarının yığımı Bakı şəhəri üzrə 99 faizə, regionlarda 87 faizə yüksəldilməklə, "Azərişıq" üzrə 93 faizə çatdırılıb. "Azərenerji"yə ödənişlər 100 faiz təmin olunub, vergi və büdcə ödənişləri artıqlaması ilə icra edilib. Qoyulmuş investisiyalar nəticəsində uçotun bərpa olunması və itkilərin xeyli dərəcədə azaldılması hesabına cəmiyyətin gəlirləri artıb və paylayıcı şəbəkələrin yenidən qurulmasına qoyulan investisiyalar qısa müddət ərzində özünü tam doğruldub. Bakı şəhəri üzrə şəbəkələrdə ifrat yüklənmələrin və sıçrayışların aradan qaldırılması məqsədi ilə 220 kv-luq beş qovşaq yarımstansiyasının əlaqələndirilməsi üçün 6 ədəd 110 kV-luq və 43 ədəd 35 kV-luq yarımstansiyalar tikilərək dairəvi elektrik təchizatı sxemi yaradılıb, hava xətləri kabel xətləri ilə əvəz olunub və güc mərkəzləri SCADA sisteminə qoşulub".

B.Rzayev əlavə edib ki, Bakı şəhərinin inkişafına uyğun gözlənilən güc artımının təmin olunması üçün 22 ədəd 110 kV-luq, 77 ədəd 35 kV-luq, 2 min ədəd 10 kV-luq transformator məntəqələri inşa edilib, 29 min kilometr elektrik xətləri çəkilib: "Dövlət proqramlarının icrası ilə bağlı gücü 2600 MVt-dan çox olan iri layihələrin, xüsusən də pilot layihələr üzrə yeni yaşayış komplekslərinin inşası, Bakı Metropoliteninin yeni stansiyalarının tikintisi, "Ağ Şəhər" layihəsinin davamı, Füzuli meydanı və ətraf ərazidə aparılan yenidənqurma işləri və digər sahələrin enerji təminatı məqsədi ilə yeni 110 və 35 kV-luq yarımstansiyaların tikintisi və şəbəkələrin gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Sizin təşəbbüsünüz olan "Ağ Şəhər" layihəsi Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində ən böyük layihələrdən biridir. Sizin dəstəyinizlə "Ağ Şəhər" layihəsi üzrə enerji təminatı ilə bağlı işlərin 60 faizi yekunlaşıb, ən müasir paylayıcı elektrik şəbəkəsinin qurulması təmin olunub. Hazırda layihənin növbəti mərhələsi üçün hazırlıq işləri davam etdirilir".

Onun sözlərinə görə, Füzuli meydanı ətrafı və "Sovetski" adlanan ərazidə inşa ediləcək çoxsaylı binaların, yol infrastrukturunun enerji tələbatının ödənilməsi üçün əlavə güc mənbəyi olmadığından, bir ədəd 110 kV-luq yarımstansiyanın və 110 kV-luq ikidövrəli kabel xəttinin çəkilməsi nəzərdə tutulur: "Bu məqsədlə torpaq sahəsi ayrılıb, layihə-smeta sənədləri hazırlanaraq müvafiq razılıqlar alınıb. Sizin müvafiq göstərişinizə əsasən tikinti işlərinə başlanılacaq.

Cənab Prezident, "Regionların inkişafına dair 2014-2018-ci illər üzrə Dövlət Proqramı" və qeyri-neft sektorunun inkişafı ilə bağlı regionlarda irimiqyaslı tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının və meliorativ tədbirlərlə bağlı enerji təchizatının yaxşılaşdırılması üçün 5 ədəd 110 kV-luq, 17 ədəd 35 kV-luq yarımstansiyalar tikilib, 110 kilometrdən çox elektrik xətləri çəkilib və 450 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. Bu sahədə işlər davam etdirilir. Pambıqçılığın inkişafı ilə əlaqədar Bərdə rayonunda keçirilən müşavirədə tədarük və emal müəssisələrinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı Sizin verdiyiniz göstərişlərin icrası üçün təxirəsalınmaz tədbirlər görülür. Yarımstansiyaların gücü artırılır, elektrik xətləri təmir olunur. Görüləcək işlər çox olduğundan Kənd Təsərrüfatı Nazirliyi və digər qurumlarla birgə təkliflər hazırlanır".