İlham Əliyev: "Oturub gözləməməliyik ki, kimsə bizə qonaq gələcək, turistləri özümüz cəlb etməliyik"


Digərləri 09 Apr 2018 21:47:33 156 0

İlham Əliyev: "Oturub gözləməməliyik ki, kimsə bizə qonaq gələcək, turistləri özümüz cəlb etməliyik"

"Təkcə Forumla 1 yarışlarının Bakı şəhərinin küçələrində keçirilməsi görün, turist axınına nə qədər təkan verdi"

"Turizmin inkişafı Azərbaycanda sürətlə gedir. Biz bundan sonra bu sahəyə daha sistemli şəkildə baxmalıyıq və oturub gözləməməliyik ki, kimsə bizə qonaq gələcək. Biz özümüz turistləri cəlb etməliyik".

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlət başçısı Azərbaycanın hazırda dünyada çox yaxşı tanındığını vurğulayıb:

"Biz indi elə bir şərait yaratmışıq ki, Azərbaycanı dünyada çox yaxşı tanıyırlar, bizim çox gözəl beynəlxalq imicimiz var. İndi Azərbaycana gələnlərin sayı artır. Biz beynəlxalq tədbirlər keçiririk. Qeyd etdiyim kimi, təkcə Forumla 1 yarışlarının Bakı şəhərinin küçələrində keçirilməsi görün, turist axınına nə qədər təkan verdi. Təhlükəsizlik, sabitlik, qonaqpərvərlik, gözəl iqlim, tarixi abidələrimiz, infrastruktur, 6-sı beynəlxalq olmaqla 7 aeroport, gözəl avtomobil yollarımız və viza rejiminin sadələşdirilməsi - indi 90-dan çox ölkənin vətəndaşları vizanı aeroportlarda alırlar. İndi bu sahədə də təkmilləşmə işləri aparılacaq. Çünki əfsuslar olsun ki, bu sahədə çox böyük pozuntular olub. Biz vizaları ləğv etdik. Çünki aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsassız pul tələb edirdilər. Bu biabırçılığı yığışdırmışıq. Bu biabırçılığı, bu pozuntuları, bu cinayəti törədənlər də cinayət məsuliyyətinə cəlb olunub. Hamı bilsin ki, bu cinayətlər cəzasız qalmayacaq".