Prezident: "Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə böyük təsir etməsin"


İqtisadiyyat 09 Apr 2018 21:35:05 256 0

Prezident: "Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə böyük təsir etməsin"

"Neftin qiyməti bizim üçün əsas amil olmamalıdır"

"Bəzi hallarda sual yaranır ki, indi neftin qiyməti bir qədər sabitləşdi, bu islahatlar davam etdiriləcəkmi, yoxsa yox? Mütləq davam etdiriləcək. Neftin qiyməti bizim üçün əsas amil olmamalıdır və Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə böyük təsir etməsin, yalnız ehtiyatlarımızın artırılmasına xidmət göstərsin".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

"Giriş sözümdə qeyd etdiyim kimi, bu ilin birinci rübündə biz 2,2 milyard dollar əlavə vəsait toplamışıq. Ona görə, bu il də iqtisadi islahatlar davam etdiriləcək. Nəinki iqtisadi və bütün digər sahələrdə islahatlar aparılacaqdır ki, ölkəmiz daha da güclənsin, müasirləşsin və Azərbaycanda dayanıqlı uzunmüddətli inkişaf təmin edilsin. Bu məqsədlərə nail olmaq üçün bir çox məsələlər gündəlikdədir. Onlardan biri biznes mühitinin yaxşılaşdırılması məsələsidir. Bu istiqamətdə son illər ərzində yaxşı nəticələr var və Dünya Bankı tərəfindən təqdim olunan “Doing Business” hesabatında Azərbaycan ardıcıl şəkildə öz mövqelərini gücləndirir, daha da yüksək pilləyə qalxır. Ancaq biz yenə də bu istiqamətdə səylərimizi davam etdirməliyik, xüsusilə bizi geriyə çəkən məsələlərdə daha da ciddi addımlar atmalıyıq və bunu edirik. “Doing Business” reytinqi dərin təhlil əsasında hazırlanır və bizim bu istiqamətdə əldə etdiyimiz uğurlar və nöqsanlar ciddi təhlil edilir", - deyə dövlət başçısı əlavə edib.

O, bu səbəbdən biznes mühitinin yaxşılaşdırılması istiqamətində bundan sonra da addımlar atılacağını bildirib:

"Son vaxtlar vergi sistemində aparılan ciddi islahatlar, sağlamlaşdırma prosesi, bildiyimə görə, artıq biznes dairələri tərəfindən də müsbət qarşılanır və bu istiqamətdə əlavə addımlar atılacaq. Mən əvvəlki çıxışlarda da dəfələrlə demişəm ki, biz dünyada mövcud olan ən müsbət, ən şəffaf praktikanı Azərbaycanda tətbiq etməliyik və bizim bütün maliyyə sistemimiz tam şəffaf mexanizm kimi işləməlidir".

"Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi istiqamətində son illər atılan addımlar böyük təqdirə layiqdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Davos İqtisadi Forumunun hesablamalarında rəqabətqabiliyyətliliyə görə 35-ci yerə yüksəlməyimiz tarixi nailiyyətdir. Biz bu gün dünyanın 35 ən rəqabətqabiliyyətli ölkəsindən biriyik və haqlı olaraq bununla fəxr edirik. Ancaq onu da bilməliyik ki, Davos reytinqlərinə digər ölkələr də çox böyük diqqətlə yanaşırlar. Bildiyimə görə, bir çox ölkələr çalışırlar ki, öz vəziyyətlərini daha da yaxşılaşdırsınlar. Ona görə, bu gözəl rəqəm bizi ancaq növbəti addımların atılmasına sövq etməlidir", - deyə İlham Əliyev söyləyib.