“Yeni nəfəs III” adlı qısametrajlı ssenari müsabiqəsi elan edilib


Kriminal 09 Apr 2018 19:24:00 291 0

“Yeni nəfəs III” adlı qısametrajlı ssenari müsabiqəsi elan edilib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun yaranmasının 120 illiyi ilə bağlı "Yeni nəfəs- III" adlı qısametrajlı ssenari müsabiqəsi elan edib. İttifaqın mətbuat xidmətindən Trend.az-a bildirilib ki, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilir.

Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulur. Müsabiqənin şərtlərinə görə, yaşı 35-dək olan bütün şəxslər istənilən janrda, bədii, sənədli və animasiya ssenariləri təqdim edə bilər. Ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə, orijinal, yəni ekranlaşdırılmamış olmamalıdır. Qısametrajlı film üçün nəzərdə tutulmuş ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda şrift "Courier New", 12 ölçüdə təqdim olunmalıdır. Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır. Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir. Hər müəllif 3 (üç) ssenaridən artıq təqdim edə bilməz. Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.