Almaniya telekanalı: "Yoxsulluq və korrupsiya. Ermənistan gələcəyini itirib" VİDEO


Dünya 09 Apr 2018 18:22:00 248 0

Almaniya telekanalı: "Yoxsulluq və korrupsiya. Ermənistan gələcəyini itirib"  VİDEO

Almaniyanın "ZDF" televiziya kanalında jurnalist Volfqanq Tsimmerman tərəfindən "Yoxsulluq və korrupsiya. Ermənistan gələcəyini itirib" başlıqlı reportaj verilib.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, reportajda İrəvan Universitetinin 33 yaşlı alman dili müəlliməsi Astghik Tarloyanın çətin maddi vəziyyəti, müəllimliklə yanaşı, tərcüməçilik fəaliyyəti ilə məşğul olması, onun dostlarının və tələbələrinin Almaniyaya köçməsi, hətta özünün də Almaniyaya köçmək məsələsini artıq nəzərdən keçirməsi qeyd olunur.

Reportajda aparılmış araşdırma nəticəsində Ermənistanda gənclərin 2/3-nin ölkəni tərk etmək haqqında düşündüyü, həmçinin onların ölkədə mövcud olan siyasi, sosial və iqtisadi vəziyyətdən məyus olmaları bildirilir. Rəsmi məlumatlarda ölkə əhalisinin 30 faizinin yoxsul olduğu göstərilsə də, real vəziyyətin daha da acınacaqlı olduğu ehtimal edilir.

Həmçinin "Transparency International"ın korrupsiya indeksinə əsasən Ermənistanın Efiopiya, Makedoniya və Vyetnam ilə yanaşı, 107-ci yeri tutduğu bildirilir. İqtisadiyyatın oliqarxların əlində cəmləşməsi, hakim dairələrlə qohumluq və ya dostluq münasibətlərinə malik olmayanların sahibkarlıq sahəsindəki fəaliyyətinin perspektivinin yoxluğu və ədliyyə sisteminin hakimiyyətdən tam asılılığının investorlar üçün öldürücü olması vurğulanır. Seçkilərdə seçici səslərinin saxtalaşdırılması, vəfat etmiş şəxslərin seçicilər siyahısına salınması qeyd olunur.

Reportajda ölkədə hakimiyyət özbaşınalığı və perspektivin olmaması səbəbindən gənclərin qruplar halında əsasən Rusiya istiqamətində miqrasiya etmələri (hökumətin verdiyi məlumatlara əsasən, hər il 30-40 min nəfər) və Sovet İttifaqının süqutundan sonra Ermənistanın 16-30 yaş arasındakı vətəndaşlarının bir milyonundan çoxunu və bununla da öz gələcəyini itirdiyi qeyd olunur:

"Ermənistan hökuməti əhalinin, xüsusilə gənclərin ölkəni birdəfəlik tərk edərək digər ölkələrə üz tutmasından heç bir narahatlıq keçirmir, əksinə, miqrasiya edən gənclərlə narazı elektoratın və gələcək potensial inqilabçı-gənclərin sayının azalmasına və bu yolla hakimiyyətdə qalmaqda davam etməyə ümid edir".