Abşeronda bibisini öldürən şəxs məhkəmədə ifadə verib: "Qətli namus üstündə törətmişəm"


Sosial 09 Apr 2018 17:55:04 295 0

Abşeronda bibisini öldürən şəxs məhkəmədə ifadə verib: "Qətli namus üstündə törətmişəm"

Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə V.Şıxəliyev özünü təqsirli bildiyini deyib və cinayət əməlini də etiraf edib.

V.Şıxəliyev istintaqa verdiyi ifadəsini təsdiq edib və bildirib ki, qətli namus üstündə törədib.

Daha sonra o, suallara cavab verib. V.Şıxəliyev söyləyib ki, bibisi ailəli və uşaqları olduğu halda evə başqa şəxslər qəbul edib: "Onu mən başqa kişi ilə gördüm. Qapı da arxadan bağlı idi.Bundan artıq nə olmalı idi? Biz belə bir şeyi qəbul etmirik. Amma görürəm ki, səhv etmişəm".

O, bibisini xəstə övladının yanında qətlə yetirməsi barədə də danışıb: "Mən otağa daxil olanda dedim ki, bəlkə yanındakı nənəmdir. Bilsəydim ki, oğludur öldürməzdim".

Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Hadisəni törədən V. Şıxəliyev tutulub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.