Ermənistan təcrid olunmuş, tullantılarla dolu bataqlıq


Siyasət 09 Apr 2018 17:56:00 249 0

Ermənistan  təcrid olunmuş, tullantılarla dolu bataqlıq

Ermənistanın regiona və dünyaya təhlükə yaradan mövqeyi son günlərdə xüsusilə ön plana çıxıb. Məşhur erməni siyasətçi ölkəsinin əsas güclü rəqibilə, yəni Azərbaycanla müqayisədə iqtisadi zəifliyi haqda acı həqiqətləri açıqlayıb. ABŞ, bu ölkənin siyasətçiləri, xüsusilə də Konqres bu məsələyə diqqət yetirməlidir.

Erməni Milli Konqresindən olan deputat Aram Manukyan "Vestnik Kavkaza" portalına müsahibəsində bildirib ki, "əgər söhbət Avrasiyada dövlətlərarası iqtisadi əlaqələrdən gedirsə, Ermənistan bu məsələdə praktiki olaraq, heç bir rol oynamır".

"Bütün regional və beynəlxalq layihələr - nəqliyyat, dəmir yolu, neft-qaz sahəsi və s. ilə bağlı layihələr bizdən yan keçir... Ermənistan sanki Qafqaz regionunda yoxdur. Bu vəziyyət artıq 20 ildir ki, dəyişmir. Bu illər ərzində tikintisi Ermənistan deyil, Gürcüstan vasitəsilə həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu daxil olmaqla, bir çox layihələrdən kənarda qalmışıq. Bu gün isə Ermənistan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizindən və Çinin təşəbbüsü ilə həyata keçirilən İpək yolu layihəsindən kənarda qalmaqdadır", - deyə A.Manukyan qeyd edib.

Erməni deputat ölkəsinin Azərbaycan, Gürcüstan və Türkiyənin pioner rolu oynadığı yeni İpək yolu layihəsindən kənarda qalmasından təəssüf hiss keçirir.

Xatırladaq ki, sadalanan 3 ölkəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ötən il olub. Bu dəmir yolu Avropa ilə Asiyanı Rusiya və onun sadiq müttəfiqi olan Ermənistandan yan keçməklə birləşdirir. Bu dəmir yolu vasitəsilə həm yüklərin, həm də sərnişinlərin daşınması mümkündür.

Bununla yanaşı, Azərbaycan bu ildən etibarən Türkiyəyə, 2019-cu ildən etibarən isə Avropaya qaz ("Şahdəniz-2" layihəsi çərçivəsində) nəql edəcək edəcək. "Şahdəniz-2" Avropanın Rusiyadan asılılığının azaldılması baxımından vacib elementdir.

Bundan başqa, gazırda tikintisi davam edən "Cənub Qaz Dəhlizi" layihəsi başa çatdıqda 2200 mil uzunluğunda boru xətti 7 ölkədən keçəcək. Bu layihənin əsas 3 seqmenti var: Cənubi Qafqaz Boru Kəməri Azərbaycanla Gürcüstandan, Transanadolu qaz kəməri (TANAP) Türkiyədən, Transadriatik qaz xəttisə (TAP) Yunanıstan, Albaniya və İtaliyadan keçəcək. Bakı-Tbilisi-Qars dəmir yolunda olduğu kimi, Rusiya ilə Ermənistan bu layihədən də kənarda qalacaq.

"Biz sanki regionda yoxuq... Ermənistan iqtisadi mənada dalana dirənib. Ölkəyə heç kəs investisiya qoymur. Əvvəllər Ermənistana ildə 3-4 milyard dollar investisiya yatırlırdısa, ötən il bu göstərici 120 milyon dollar olub... Ölkədəki korrupsiya vəziyyəti daha da çətinləşdirir. Odur ki, heç bir normal insan Ermənistana investisiya qoymağa risk etməyəcək", - deyə A.Manukyan vurğulayıb.

Qafqazın iqtisadi trendləri təsadüfən meydana gəlməyib. Azərbaycanla Gürcüstan Qərb dəyərlərinə üstünlük verən ölkələrdir. İnkişaf etmiş iqtisadiyyatları olan bu ölkələr ABŞ ilə Avropanı dəstəkləyir. Ermənistan kənd təsərrüfatından asılı iqtisadiyyatı isə çox geridə qalıb. Bununla yanaşı, Ermənistan getdikcə artan inflyasiyadan, həmçinin "beyin axını"ndan əziyyət çəkir. De-fakto Rusiyanın vassalı olan ölkə Rusiyanın hərbi bazaları ilə doludur. Yerevan utanmadan xarici siyasətini Kremllə koordinasiya edir. Sanki öz vaqonunu Moskva qatarına bağlamış Yerevan nə Qərbi Avropadakı müttəfiqlərilə münasibətləri genişləndirir, nə də ölkə iqtisadiyyatının modernləşdirilməsi üzərində çalışır. Odur ki, ermənilər qlobal iqtisadiyyatdan daha da kənarda tutulmasından təəccüblənməməlidirlər.

A.Manukyan ABŞ və Ermənistanda yaşayan bir çox həmvətənindən fərqli olaraq hesab edir ki, ölkəsinin birinci və ən başlıca problemi Dağlıq Qarabağ münaqişəsidir. Söhbət Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən ərazi münaqişəsindən gedir.

"Belə davam edə bilməz... Bu münaqişə xalqları və dövlətləri əldən salır və ölkələrin inkişafına mane olur. Bu vəziyyətdən, bu quyudan çıxmaq lazımdır", - deyə erməni deputat bildirib.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi başa çatarsa, Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri açılacaq. A.Manukyan partiyasının xüsusilə iqtisadi sahədə qonşu ölkələrlə yaxşı münasibətlərin qurulmasın tərəfdar olduğunu söyləyib: "Çünki bu, ölkəmizin inkişafını təmin edəcək".

Erməni deputatın məqsədi başqa ola bilər. Lakin onun sözlərində həqiqət var. Ermənistan məhz Azərbaycanla yaşadığı münaqişə üzündən "quyu"ya düşüb. Halbuki, Yerevan ondan iqtisadi cəhətdən açıq-aydın üstün olan qonşusu ilə yaxınlıqdan yalnız qazana bilər. Amma o, buna nail olmaq üçün ilk növbədə Dağlıq Qarabağın işğalından imtina etməlidir. Qeyd edək ki, bu regionun Ermənistan tərəfindən işğalı BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qəbul etdiyi qətnamələrlə təsdiqini tapıb.

Bəs Ermənistan etnik eksponsionist siyasətinin əvəzinə, çiçəklənmə və inteqrasiya yolunu seçə bilərmi? Axı ölkənin iqtisadiyyatı çalxalanır, regional və qlobal dəyəri gündən-günə azalır. Amma Dağlıq Qarabağ münaqişəsi bu ölkənin hərbi xuntasını hakimiyyətdə saxlayan yeganə səbəbdir. Ölkənin suverenliyi sual altındadır, iqtisadiyyatı iflasa uğrayıb. Axı erməni xalqı daha yaxşı şəraitdə yaşamağa layiqdir. Ermənistan qonşuları ilə sülh şəraitində yaşaya, bununla da çiçəklənən dövlət qura bilər. Yerevan bu tarixi şansı əldən verməməlidir.

ABŞ isə Qafqazla bağlı siyasətinə nəzər yetirməlidir. Kremllə qlobal nüfuz uğrunda mübarizə aparan Vaşinqton, Rusiyanın vassalı olan, iqtisadi cəhətdən çökmüş Ermənistanı deyil, Qərbyönümlü siyasət yürüdən, regionun iqtisadi cəhətdən getdikcə ucalan ulduzları sayılan Azərbaycan və Gürcüstanı dəstəkləməlidir. Sağlam düşüncə bunu tələb edir. Bunun üçün ABŞ-ın Azərbaycanın, yaxud Gürcüstanın fikrini öyrənməsinə də ehtiyacı yoxdur. Onun erməni siyasətçi Aram Manukyanın səmimi açıqlamalarına nəzər yetirməsi kifayətdir.

THE DAILY CALLER, ABŞ Müəllif: Ceykob Kamaras

(İngilis dilindən tərcümə - WorldMedia.Az)