Ağsuda aprel şəhidinin ev muzeyi istifadəyə verilib


Digərləri 09 Apr 2018 15:27:15 210 0

Ağsuda aprel şəhidinin ev muzeyi istifadəyə verilib

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin giziri Toğrul Fərəczadənin xatirə ev muzeyinin açılış mərasimi keçirilib.

Bakı. Samir Əli - Ağsunun Bico kəndində 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıqla şəhid olan, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin giziri Toğrul Fərəczadənin xatirə ev muzeyinin açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirdə rayon icra hakimiyyətinin rəhbər işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Nizami Heybətov, şəhidin valideynləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan gənc yazar, ev muzeyinin ideya müəllifi Rəfiqə Rafiqqızı muzey barədə məlumat verib. Bildirib ki, ev muzeyinin yaradılması ilə bağlı 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyinə rəsmi müraciət ünvanlayıb. Nazirlik muzeyin yaradılmasına razılıb verib və işlərə başlanıb. Muzey dövlət dəstəyi ilə deyil, ictimai əsaslarla hazırlanıb. Ev muzeyi iki otaqdan ibarətdir. Muzeydə şəhid Toğrul Fərəczadənin hərbi və mülki geyimləri, şəxsi əşyaları sərgilənib. Muzeydə həmçinin T. Fərəczadənin həyat yolunu əks etdirən fotolardan ibarət stend, şəhidin büstü və portreti yerləşdirilib. İdeya müəllifi qeyd edib ki, şəhidin büstünün müəllifi gənc heykəltaraş Vüqar Quliyev, kətan üzərində çəkilmiş portretin müəllifi isə gənc rəssam Çingiz Mehbalıyevdir. R.Rafiqqızı bildirib ki, ev muzeyinin hazırlanması ideyası şəhid Toğrul Fərəczadə haqqında yazdığı “Daş Heykəlin Nağılı” kitabı ərsəyə gələndən sonra yaranıb: “Ümumiyyətlə aprel döyüşləri Azərbaycana çox şey verdi. Bu döyüşlər Azərbaycan gəncliyində, Azərbaycan xalqında vətənpərvərlik ruhunun hansı səviyyədə olduğunu sübuta yetirdi. 90-cı illərin əvvəllərindən sonra ermənilər dünyada bir “döyüşkən” mifi yaratmışdılar ki, guya onlar məğlubedilməzdilər, onların guya ki döyüş taktikaları var və Azərbaycan ordusu onlarla bacarmır. Amma aprel döyüşləri onların əslində heç də döyüşkən olmadığını, əksinə qorxaq gücsüz olduğunu aşkarladı. Məlum oldu ki, Azərbaycan xalqı, Azərbaycan gəncliyi heç ruhdan düşməyib, azərbaycanlıların qanında vətənpərvərlik və mərdlik var.