"RUN GROUP"dan Azərbaycan səhiyyəsinə töhfə FOTO


Digərləri 09 Apr 2018 14:53:09 1153 0

"RUN GROUP"dan Azərbaycan səhiyyəsinə töhfə  FOTO

Azərbaycanın tərəqqisi naminə fəaliyyətində bir sıra uğurlar qazanan "RUN GROUP" şirkəti çoxsaylı sosial layihələri çərçivəsində səhiyyə sisteminin inkişafına da töhfə verir. Bu məqsədlə şirkət tanınmış israilli tibb mütəxəssislərin iştirakı ilə Bakıda Azərbaycanın qabaqcıl həkim və cərrahları, ümumilikdə səhiyyəmiz üçün faydalı ola biləcək seminar təşkil edib.

Son.az xəbər verir ki, "RUN Group" şirkətinin təşkilatçılığı, Azərbaycan Tibb Assosiasiyasının dəstəyi ilə Bakıda "Müasir kardiologiya" mövzusunda elmi seminar keçirilib. Seminarda, əsasən, kardiologiya, kardio-radiologiya və qeyri-laborator ekspres analiz məsələlərinə həsr edilib.

Seminarda çıxış edən "Run Group" şirkətinin prezidenti İranə Talışxanova bildirib ki, tədbir Azərbaycan və İsrailin qabaqcıl tibb mütəxəssisləri arasında fikir mübadiləsinin gücləndirilməsinə və nəticədə insanların rifahına xidmət edəcək. "Dünyada ölümlə nəticələnən xəstəliklərin əksəriyyətinin ürək-damar sistemi ilə bağlıdır. Odur ki, səhiyyənin bu istiqamətini gücləndirmək, ölkə təbabətinə innovativ texnologiya və metodların daxil edilməsi, mütəxəssislərin təkmilləşdirilməsi, müalicə mərkəzlərinin ən yeni müayinə avadanlıqları ilə təmin edilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi zərurətə çevrilir. Bu risk faktoru öz kəskinliyinə görə bizim və İsrailli tərəfdaşlarımızın diqqət mərkəzindədir. Onlar İsrail təbabətinin çox qabaqcıl təbəqəsini təmsil edirlər. İ.Talışxanova, həmçinin bəyan edib ki, bu tədbir də öz işini ictimaiyyətə xeyir vermək missiyası üzərində quran RUN Group-un sosial fəaliyyətinin yalnız bir sahəsidir: "RUN GROUP artıq "Azərbaycanda gələcəyin səhiyyəsi və təbabəti" adlı yeni layihənin icrasına başlayıb. Şirkət yeni layihəsi ilə inkişaf etməkdə olan Azərbaycan səhiyyəsinin də ən qabaqcıl yerlərə çıxması üçün töhfəsini verməyə çalışacaq".

Başda Azərbaycan Tibb Assosiasiyasının sədri doktor Nəriman Səfərli, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor Tofiq Cahangirov olmaqla Azərbaycan səhiyyəsinin tanınmış simalarının iştirak etdiyi tədbirdə ürək xəstəliklərinin diaqnostikası və müalicəsindəki ən müasir yanaşmalar və tətbiq edilən texnologiayalar barədə ətraflı məlumat verilib.

Seminarda çıxış edən İsrailin Hadassa Dövlət Universitetinin Hospitalı, Ürək İnstitutunun Kardiologiya şöbəsinin professoru, invaziv kardioloq Boris Varşitski ST seqmentin yüksəlişi ilə müşahidə edilən miokard infarktında invaziv müalicə strategiyasından danışıb. O, son illər ərzində ürək çatışmazlığının bu seqmentinin öyrənilməsi və müalicəsi  sahəsində qazanılmış dünya təcrübəsi barədə biliklərini bölüşüb.

İsrailin "Novamed" şirkətinin vitse-prezidenti, tibb sahəsində tanınmış mütəxəssis Qavriel Şalmiyev isə ekspress diaqnostikada innovativ texnologiyalardan istifadə, miokardın ürək hücumu ilə bağlı aktual məsələlərə toxunub. Q.Şalmiyev qeyri-laborator ekspres-analiz vasitələri, onların qeyri-klinik və qeyri-ambulator tətbiqi haqda danışaraq qeyd edib ki, bu çür avadanlıqlardan istifadə xəstəliyin inkişafının ev şəraitində proqnozunu verə və bununla da insanı yaxınlaşmaqda olan təhlükəli ağırlaşmalardan xilas edə bilər.

Seminarda Hadassa Dövlət Universitetinin Hospitalı, Ürək İnstitutunun azərbaycanlı həkimi İlqar Tahiroğlu da çıxış edib. O, "Transketeter aortik klapan implantasiyası: Yeni perspektivlər" mövzusunda danışıb.

Məruzəçilər onları diqqətlə dinləyən yerli mütəxəssislərin çoxsaylı ciddi elmi suallarını da cavablandırıblar. Qeyd edək ki, azərbaycanlı tibb mütəxəssislərinin sualları onların israilli həmkarlarının çox xoşuna gəlib.    Azərbaycan Kardilogiya Cəmiyyətinin sədri Tofiq Cahangirov qeyd edib ki, seminarda kardiologiyadakı yeniliklər barədə əldə edilən məlumatlar azərbaycanlı mütəxəssislər üçün çox faydalı olacaq:

"Ürək və qan-damar sistemi xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biridir.

Bu gün keçirilən beynəlxalq tədbirdə qonaqlar kardiologiyada, xüsusən miokard infarktı, onun diaqnostikasında yeniliklər barədə geniş məlumatlar verdilər. Hər bir kardioluqun bu cür məlumatlara ehtiyacı var. Bu gün Azərbaycanda səhiyyənin inkişafı göz qabağındadır. İnkişafın nəticəsi olaraq Azərbayacanda ürək və qan-damar xəstəliklərinin sayı azalmışdır. Bu xüsusilə, yeni klinikaların açılması, ölkəyə müasir texnologiyaların gətirilməsi və peşəkar kadrların yetişməsi nəticəsində mümkün olub. Bununla yanaşı, Azərbaycanda bilik və fikir mübadiləsi üzərində qurulmuş beynəlxalq tədbirlərin də keçirilməsi böyük önəm kəsb edir. Arzu edərdim ki, belə tədbirləri regionlarda da təşkil edək, elmi mübadilələr aparılsın və bizim kardioloqlar yeniliklərlə tanış olsunlar. Hazırda Azərbaycanda İsraildə gətirilmişlər də daxil olmaqla ən müasir tibbi texnologiyalar var. Seminarda bu yeni avadanlıqların özəlikləri, xüsusən də invaziv kardiologiyada innovasiyalar haqqında geniş məlumatlar verildi. Düşünürəm ki, burda əldə etdiyimiz məlumatlar mütəxəssislərimiz üçün çox faydalı olacaq".