"Azərbaycan müxtəlif təzyiqlərə baxmayaraq, dini təhlükəsizliyi təmin edib"


Digərləri 09 Apr 2018 14:10:00 274 0

"Azərbaycan müxtəlif təzyiqlərə baxmayaraq, dini təhlükəsizliyi təmin edib"

"Ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan həmişə müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışı baxımından nümunə olub. Ölkəmizdə milli-mənəvi və dini dəyərlərin zəngin inkişaf tarixi və ənənələri var. Hazırkı mərhələdə ölkədə bərqərar edilmiş milli və dini tolerantlıq, eləcə də multikulturalizm mühitinin qorunması və möhkəmləndirilməsi dövlət qarşısında duran başlıca vəzifələrdən hesab olunur. Lakin qeyd olunmalıdır ki, bu gün sürətlə dəyişən və ziddiyyətli təzahürləri ilə qloballaşan dünyada son dərəcə mürəkkəb proseslər baş verir. Yaşamaqda olduğumuz müasir gerçəklik gələcəyi proqnozlaşdırmadan, qlobal çağırışları qiymətləndirmədən uğurlu inkişafa nail olmağın qeyri-mümkünlüyünü diktə edir. Məhz belə bir şəraitdə dövlətin dayaqlarının güclü olması, idarəetmədə praqmatik, uzaqgörən, düşünülmüş və strateji siyasətin həyata keçirilməsi son dərəcə zərurətə çevrilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Komitənin sədr müavini bildirib ki, Azərbaycana nəzər saldıqda bu zərurət daha qabarıq formada özünü büruzə verir. Bunu bir sıra amillərlə səciyyələndirmək mümkündür. Belə ki, Azərbaycan uğurlu inkişaf modelini tətbiq edən mütərəqqi yanaşmalara sahib olmaqla yanaşı, tarixinə və dəyərlərinə sadiq olan müsəlman ölkəsidir. Şübhəsiz ki, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən, ictimai-siyasi sabitliyi təmin etmiş, günü-gündən müasirləşən və nüfuzu artan bir müsəlman ölkəsini istəməyən qüvvələr də az deyil. Belə ki, Azərbaycanın öz multikultural dəyərləri ilə dünyada islamofobiya adı altında müsəlman ölkələrinə yönəlmiş tənqid və etirazları puça çıxarması ölkəmizə qarşı təhdid və təzyiqlərin daha da artması ilə nəticələnib. Təəssüf doğuran məqamlardan biri də budur ki, bəzi İslam ölkələri daxilində də bu məkrli niyyətlərə dəstək verən qüvvələr mövcuddur.