Nazirlik Qarabağ müharibəsi əlillərini yeni minik avtomobilləri ilə təmin etdi (FOTO)


Digərləri 09 Apr 2018 13:06:00 240 0

Nazirlik Qarabağ müharibəsi əlillərini yeni minik avtomobilləri ilə təmin etdi (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 120 ədəd “Naz-Lifan” markalı minik avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim olunub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 120 ədəd “Naz-Lifan” markalı minik avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim olunub. Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 117 ədədi Qarabağ müharibəsi, qalan 3 ədədi isə 20 Yanvar əlillərinin istifadəsinə verilib. Yeni minik avtomobillərinin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, əlil ictimai birliklərinin rəhbərləri də iştirak edib. Tədbirdə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nailiyyətlərindən bəhs olunub. Son 15 ildə böyük inkişaf yolu keçən ölkəmizdə aparılan siyasətin mərkəzində insan amilinin dayandığı, dinamik iqtisadi inkişafın ilk növbədə vətəndaş rifahının təminatına xidmət etdiyi vurğulanıb. Bildirilib ki, sosial dövlət statusunu gücləndirən Azərbaycanda bütün sosial proqramlar da uğurla davam etdirilərək getdikcə genişləndirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər də etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmaqla, onların həyat şəraitlərinin yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir istiqaməti də həmin insanların minik avtomobilləri ilə təmin olunmasına yönəlib. Prezidentin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamları müharibə əlilləri və onlara bərabər tutulanların dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatında əhəmiyyətli irəliləyişə imkan verib. Həmin sərəncamlardan sonrakı dövrdə hazırda təqdim olunan avtomobillər də daxil olmaqla 2,2 min ədədə yaxın “Naz-LİFAN” markalı minik avtomobili qeyd olunan təbəqələrə aid vətəndaşlara təqdim edilib. Nəticədə dövlət büdcəsi hesabına minik avtomobili almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2014-cü ilədək növbəyə dayananlarla bərabər, artıq 2015-ci ildə növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən də bir hissəsinin avtomobillə təminatına nail olunub. Ümumilikdə isə bu vaxta qədər Nazirlik tərəfindən 6 min nəfərdən çox müharibə əlili və onlara bərabər tutulan vətəndaş minik avtomobili ilə təmin edilib.