"Antimillilik uzunmüddətli ola bilməz"


Siyasət 09 Apr 2018 12:15:00 310 0

"Antimillilik uzunmüddətli ola bilməz"

Xalqın, dövlətin taleyüklü, önəmli proseslə məşğul olduğu vaxtda, pasportunda azərbaycanlı yazılan bir qrup şəxsin xalqın enerjisini yanlış istiqamətə yönləndirməyə çalışması, anti-milli mövqe tutması, əlbəttə, sağlam yanaşma deyil.

Son.az bildirir ki, bunu SİA-ya açıqlamasında Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, nəinki sağlam yanaşma deyil, çox zərərli işdir: "Yəqin ki, "iş" sözü burada, bu cümlədə əziyyət çəkir. Çünki iş - doğmaların üçün yararlılıq, alın təri tökmək, halal dolanışacağını təmin etmək, qanuni yolla, başqalarına zərbə vurmamaqla çörək qazanmaqla ekvivalent sayıla bilər; başqa halda, görülən əməlin adı iş deyil, necə deyərlər, anti-işdir, yaramazlıqdır və s.

Yaxşı, bəs azsaylı da olsa, belələri niyə bu cür hərəkət edir, nəyə nail olmaq istəyir?

Elə başa düşürəm ki, bu, bir yandan intellekt çatışmazlığından irəli gəlir, digər yandan, kin-küdurətin əlamətidir; demək, hər iki halda, anti-milli dəstənin çarəsizliyi, acizliyidir.

Siz heç bugünədək öz dövlətinə, xalqına qarşı çıxaraq uğur əldə edən, sevilən görmüsüzmü? - Yəqin ki, yox. Demək, anti-millilik ağılsızlıqdır.

Bəs bu hal, sözügedən dəstəni hara apara bilər, ona nə vəd edə bilər? - Burada, "qazanc" köpük ömrü, işıldaquşluq, ötəri parıltı kimi bir ötəri-keçərilikdir.

Bax, belə olan halda, sağlam qüvvələr nə etməlidir? - Elə bilirəm, ilk növbədə, öz ləyaqəti ilə, öz ağayanalığı ilə seçilmək; qeyri-sağlamlara xəlqi etirazların tirajlanması ilə cavab vermək; milli ruhu zədələməyə xidmət edənləri haqqa, ədəb-ərkana çağrışlara cavab vermək səviyyəsi nümayiş etdirə bilmirsə, hüquq işləmləri dövriyyəyə girməlidir; diplomatik korpusumuz aidaiyyatı ölkələrin uyğun yetkili şəxslərinə həqiqəti anlatmalı, onlardan öz ölkələrindəki "makina"lara "təhlükəli yanacaq" verilməsinin özünün təhlükə vəd etdiyini açıq bildirməlidir.

Əlbəttə, anti-millilik uzunmüddətli ola bilməz, qalib olmaq imkanından da çox çox uzaqdır. Demək, məğlubiyyətə məhkumlara qarşı susmamaqla yanaşı, məhz soyuq başla, onların gələcəyini, daha doğrusu, gerçək gələcəksizliyini təsəvvürdə can-landıraraq hərəkət etməliyik. Haqq nazilər, üzülməz".