Əzələlərin şişirdilməsi kişilərdə cinsi zəiflik, böyrəklərdə daş, qaraciyərdə piylənmə yarada bilər


Digərləri 09 Apr 2018 08:00:00 234 0

Əzələlərin şişirdilməsi kişilərdə cinsi zəiflik, böyrəklərdə daş, qaraciyərdə piylənmə yarada bilər

Müasir dünyada insanlar ideal bədən sahibi olmaq barədə daha çox düşünür, buna nail olmağın ən asan üsullarını axtarırlar.

Bakı. İlhamə İsabalayeva – Müasir dünyada insanlar ideal bədən sahibi olmaq barədə daha çox düşünür, buna nail olmağın ən asan üsullarını axtarırlar. Bu sualın yeganə düzgün cavabı idmanla məşğul olmaq olsa da, bəzən bədənlərini gücləndirmək və əzələlərini möhkəmləndirmək istəyənlər müxtəlif həblərdən, qida əlavələrindən də istifadə edirlər. İdman qidalarını qəbul etmək olar və ya olmaz, onlar zərərlidirlər yoxsa faydalı?- Bu məsələlər bu gün idman dünyasının ən mübahisəli mövzularından biridir. Həkim-mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, bu suala cavab tapmaq üçün, əvvəlcə idman qidalarının nə olduğunu və hansı məqsədlə istifadə edildiyini bilmək lazımdır. İdman qidalarının fəal idmanla məşğul olan insanlar üçün nəzərdə tutulmuş qida əlavələri olduğunu deyən Y.Abdiyeva bildirib ki, insan məşq edəndə orqanizm ağır yüklərə məruz qalır, idman qidalarının qəbulu isə orqanizmin qısa müddət ərzində bərpasını təmin edir, əzələ kütləsində dərialtı piylərin yaranmasının qarşısını alır. Mütəxəssis əlavə edib ki, idman qidaları təyin olunmuş dozalara riayət edilməklə qəbul olunduqda və yalnız yoxlanılmış keyfiyyətli məhsullardan istifadə edildikdə onların zərəri olmur: "İdman qidaları ümumillikdə 6 növə bölünürlər. Protein-karbohidrat qarışıqları əzələ kütləsinin artmasını və məşqdən sonra enerjinin bərpasını təmin edir. Amin turşuları əzələ üçün "tikinti materiallar"ıdır. Piyyandırıcı idman qidaları yağların yandırılmasına kömək edir. Vitamin və mineral kompleksləri orqanizmin ümümi tonusunu artırır. Qeynerlər məşq zamanı orqanizmin gücünün və dözümlüyünün artmasına imkan verir. Qeyd etmək lazımdır ki, idman qidaları kimyəvi məhsul deyil, onlar adi qida məhsullarından götürülən və insan orqanizmi üçün zəruri olan bəzi maddələrin əsasında hazırlanan təbii qida əlavələridir. İdman qidaları həzm və ifrazat sisteminə heç bir zərər gətirmir, orqanizmdə tez həzm olunur. Lakin idman qidaları təbii qida əlavələri olaraq, ənənəvi məhsulları və qidaları əvəz etmir, orqanizmi çatışmayan mikro və makroelementlər ilə təmin edərək, sadəcə onları tamamlayır". Y.Abdiyeva qeyd edib ki, gənclərin protein tərkibli preparatlardan istifadə etməklə əzələ kütləsini şişirdib cüssəli görünməsi də mümkündür: "Yaz-yay aylarında ideal bədən quruluşuna sahib olmaq istəyən gənclərin ən çox üz tutduqları məkanlardan biri də trenajor zallarıdır. Təbii ki, ideal bədən quruluşuna sahib olmaq üçün müəyyən vaxt tələb olunur. Lakin aylarla məşq etmədən də əzələ kütləsini şişirdib cüssəli görünmək mümkündür. Gənclər protein tərkibli preparatlardan istifadə etməklə qısa zamanda istəklərini reallaşdıra bilirlər".