ADRin əsasını qoyanlar bugünkü Azərbaycanı görə bilsəydilər...


Siyasət 08 Apr 2018 23:03:00 306 0

ADRin əsasını qoyanlar bugünkü Azərbaycanı görə bilsəydilər...

Tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb. Yəni, bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır. Azərbaycan ədəbiyyatının klassiklərini oxuyanda görürsən ki, onların əsərlərində məhz bu gün aktual olan məsələlərlə bağlı fəlsəfi mövzular kifayət qədərdir. Buna görə də 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bizim üçün tarixi hadisədir.

Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb.

Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib. Əlbəttə, bu gün geriyə nəzər salanda birinci cümhuriyyətin banilərini minnətdarlıq hissi ilə xatırlayırıq, lakin onun aqibətindən daim ibrət dərsi almalıyıq. Bu cümhuriyyət iki ildən bir qədər az mövcud olub və biz, əlbəttə ki, bu dərsləri unutmamalıyıq.

.... 2018-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur.

Müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərəfindən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdi. Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqəsinin formalaşması ilə yanaşı, dünyanın aparıcı universitetlərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaratmışdı. Əlimərdan bəy Topçubaşov və başqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsi və Rusiya müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir.

Rusiyada çar üsul-idarəsinin ləğvi, baş verən fevral və oktyabr çevrilişləri, Birinci Dünya Müharibəsinin fəsadları və bir sıra digər amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin qarşıdurma meydanına çevirmişdi. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə göstərdiyi maraq vəziyyəti daha da gərginləşdirirdi.

İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olunmuşdu. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Bununla belə, bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə yanaşı, ümummilli faciələrə yol açan səhifələr də var.

Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edib. Cümhuriyyətin böyük uğurlarından biri Paris sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olub. Lakin ölkənin öz neftini xarici bazarlara çıxarmaqdan təcrid edilməsi nəticəsində yaranmış siyasi, iqtisadi və sosial böhran güclənirdi.

Həmçinin parlament daxilində hökm sürən hərc-mərclik, Qarabağda və Zəngəzurdakı erməni silahlı dəstələri ilə qarşıdurmalar gündən-günə dərinləşirdi. Əhalinin əsas hissəsinin ağır durumu isə bolşevik təbliğatı üçün münbit zəmin yaradırdı. İrəvanın ermənilərə paytaxt kimi verilməsindən sonra İrəvan mahalından qaçqın düşmüş 150 mindən artıq soydaşımızın vəziyyəti olduqca gərgin idi. Belə bir vəziyyətdə parlamentin son iclasında bolşevik ultimatumunun qəbul edilməsi aprel işğalı ilə nəticələndi.

Aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin bir qismini Məmmədəmin Rəsulzadə kimi mühacir həyatı yaşamağa məhkum etdi, digər qismini Fətəli xan Xoyski və Həsən bəy Ağayev kimi erməni terrorunun qurbanına çevirdi, qalanlarını da bolşevizmin amansız repressiyalarına məruz qoydu.

1920-ci il aprelin 28-də ikinci respublika - Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. İki il ərzində öz müstəqilliyini qoruyub saxlamağa nail olan respublika 1922-ci ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz müstəqilliyinin ancaq formal atributlarını saxlaya bilmişdi. Yalnız onu əvəz edən dördüncü respublika müstəqillik ideyasını yaşatmış və Azərbaycan bütün sərvətlərinin, o cümlədən neftinin tam sahibi kimi çıxış edə bilib.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sanballı əsərlər, hətta ikicildlik ensiklopediya nəşr edilsə də, tariximizin bu mərhələsi ilə bağlı çox sayda sənədlər hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz tədqiqatçılarını gözləyir.

Azərbaycanın dövlət başçısı İlham Əliyev də bəyan edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir.

"Buna görə biz bu gün Azərbaycanın müstəqilliyini, suverenliyini, iqtisadi potensialını, beynəlxalq nüfuzunu möhkəmlətmək üçün, Azərbaycanın həmişə təkcə forma etibarilə deyil, həm də mahiyyət etibarilə müstəqil olması üçün nə mümkündürsə edirik. Düşünürəm ki, əgər birinci demokratik respublikanın əsasını qoyanlar bugünkü Azərbaycanı görə bilsəydilər, onlar bizim ölkəmizlə fəxr edərdilər", - İlham Əliyev deyib.

Orxan Hun Son.az